“Abituriyentlərin narazılıqları diqqətə alınmalı” – Ekspert

Elm və Təhsil

27.05.2025 17:52

70

25 may tarixində keçirilən II və III ixtisas qrupları üzrə blok imtahanlarının birinci mərhələsi ilə bağlı abituriyentlər arasında əsas müzakirə mövzusu tarix fənninin çətinliyi olub. Onların çoxu hesab edir ki, digər fənlərlə müqayisədə tarix sualları daha mürəkkəb olub.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə açıqlamasında bildirib ki, imtahan suallarının hazırlanmasında abituriyentlərin psixoloji durumu, hazırlaşma səviyyəsi və digər amillər nəzərə alınmalıdır:

“Əgər həqiqətən də iddia olunduğu kimi, tarix fənnindən təqdim olunan suallar çətin olubsa, ikinci cəhd imtahanında bu fənn üzrə suallar daha əlçatan şəkildə hazırlanmalıdır. Ümumilikdə, ikinci cəhd imtahanı abituriyentlərin vəziyyəti nəzərə alınaraq tərtib edilməlidir. Çünki bu mərhələdə iştirak edənlərin əksəriyyəti 50 manat ödəniş etməklə imtahana daxil olur və bu da əlavə məsuliyyət doğurur”, – deyə ekspert vurğulayıb.

Elçin Əfəndi qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan nəticələrini açıqladıqdan sonra abituriyentlərə apellyasiya müraciəti üçün şərait yaradır:

“Əgər hər hansı texniki və ya elmi uyğunsuzluq müşahidə olunursa, abituriyentlər rahatlıqla şikayət edə bilərlər. Bundan başqa, DİM imtahandan əvvəl proqram təqdim edir və həmin proqramda yer alan mövzular Elm və Təhsil Nazirliyinin dərsliklərində əhatə olunur. Tarix sualları da bu proqram və dərs vəsaitlərinə uyğun şəkildə tərtib edilib”.

Ekspertin fikrincə, abituriyentlərin səsləndirdiyi narazılıqlar diqqətə alınmalı, ikinci cəhd zamanı daha balanslı və ədalətli qiymətləndirmə aparılmalıdır. 

Türkan İsgəndərli

tag: Elçin Əfəndi,Ekspert,Təhsil,Məktəb,Todaypress.tv,

photo