358 nəfərin diplomu tanınmayıb? – AÇIQLAMA
Elm və Təhsil
07.07.2025 16:46
Cari ildə xaricdə təhsil alan 2138 nəfər diplomlarının tanınması üçün müraciət edib. Onlardan 1780 nəfərin sənədləri müsbət qiymətləndirilib və müvafiq şəhadətnamələr təqdim olunub. Lakin 358 nəfərin diplomu tanınmayıb.
Bəs bu şəxslərin müraciətlərinə niyə mənfi cavab verilib?
Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, hazırda təhsilini düzgün və şəffaf şəkildə başa vuran tələbələr bu cür problemlərlə qarşılaşmır.
“Xaricdə verilən ali təhsilə aid kvalifikasiyaların tanınması qaydaları 2023-cü ildə ölkə prezidenti tərəfindən təsdiqlənib. Əgər təhsildə saxtakarlıq və ya neqativ hallar yoxdursa, diplomların tanınmasında problem yaşanmır. Əvvəlki qaydalar, yəni 2001-ci ildə qəbul edilən ratifikasiya qaydaları Lissabon Konvensiyasına zidd idi və süni maneələr yaradırdı. İndi isə qaydalar beynəlxalq standartlara tam uyğundur”.
Ekspert əlavə edib ki, diplomların tanınmaması əsasən tələbələrin məsuliyyətsizliyindən qaynaqlanır. Onun sözlərinə görə, bəzi hallarda məzun olduqlarını sübut edə bilməyən şəxslər Ukrayna, Gürcüstan, Rusiya və Dağıstan kimi ölkələrdə ali məktəblərə sadəcə qeydiyyatdan keçsələr də, real təhsil almadan sənəd əldə etməyə çalışıblar.
“Həmin 358 nəfər çox yaxşı bilir ki, nəyə görə onların diplomu tanınmayıb. Əgər qərarla razı deyillərsə, məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qaydasında araşdırma aparılar və nəticə hüquqi şəkildə müəyyənləşdirilər”, - deyə Elşən Qafarov qeyd edib.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Diplom,Tanınma,Todaypress.tv,
