Yeniyetmələrin böyük hissəsi süni intellektlə söhbət edir - SORĞU
Dünya
21.07.2025 19:15
ABŞ-də 13-17 yaşlı yeniyetmələr arasında keçirilən sorğu nəticəsində məlum olub ki, onların təxminən dörddə üçü süni intellekt (AI) dəstəkli söhbət botlarından istifadə edir.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, tədqiqat uşaq yönümlü media və texnologiya sahəsində fəaliyyət göstərən “Common Sense Media” adlı qeyri-hökumət təşkilatı tərəfindən hazırlanıb.
Sorğuda 1060 yeniyetmə iştirak edib. Hər iki gəncdən biri bu sistemlərlə mütəmadi ünsiyyətdə olduğunu bildirib.
“Süni intellekt dostu” nədir?
“AI dostu” adlandırılan bu söhbət botları real tapşırıqları yerinə yetirməkdən çox, istifadəçi ilə emosional bağ qurmaq məqsədilə proqramlaşdırılır. Bu cür sistemlər "Character.AI", "Replika" və "Nomi" kimi platformalar vasitəsilə xidmət göstərir.
Gənclər ciddi mövzuları da bölüşür
Sorğu iştirakçılarının 30 faizi bu sistemlərdən “əyləncəli” olduğu üçün istifadə etdiyini, 28 faizi isə texnologiyaya maraq səbəbilə bu təcrübəyə yönəldiyini bildirib. Diqqət çəkən məqam isə budur: yeniyetmələrin üçdə biri mühüm və şəxsi məsələlərini süni intellekt botlarına danışmağa üstünlük verir.
Respondentlərin 24 faizi bu sistemlərlə real ad və yaşayış yeri kimi şəxsi məlumatlarını paylaşdığını, 34 faizi isə söhbət zamanı narahatedici vəziyyətlə qarşılaşdığını deyib. Lakin bu cür neqativ halların tezliyi azdır.
Gənclər ehtiyatlıdır, amma risk qalır
Sorğuya əsasən, yeniyetmələrin yarısı süni intellektin verdiyi tövsiyələrə etibar etmir. Lakin yaş fərqləri də rol oynayır: 13-14 yaş aralığındakı gənclər, 15-17 yaşlılara nisbətən AI tövsiyələrinə daha çox güvənir.
Buna baxmayaraq, gənclərin əksəriyyəti insan münasibətlərinin süni intellektlə söhbətdən daha faydalı və dəyərli olduğunu düşünür. Onların 80 faizi vaxtının böyük hissəsini real dostları ilə keçirdiyini deyib.
Araşdırmanın müəllifi olan “Common Sense Media” təşkilatı bildirir ki, təhlükəsizlik tədbirləri gücləndirilmədikcə, süni intellektlə söhbət sistemləri 18 yaşdan aşağı şəxslər üçün uyğun deyil.
Müəlliflər qanunvericilik və texnoloji nəzarət mexanizmlərinin təcili şəkildə tətbiq edilməsinin vacibliyini də vurğulayırlar.
Töhfə Səməd
tag: ABŞ,Sorğu,Süni intellekt,AI,Todaypress.tv,