Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko kimdir? - DOSYE

Dünya

17.07.2025 16:31

Ukrayna parlamenti Ali Rada  iyulun 17-də ölkənin yeni Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini təsdiqlədi. Səsvermədə 262 deputat lehinə, 22-si əleyhinə səs verdi, 26 nəfər isə bitərəf qaldı. Bu təyinatla Sviridenko ölkə tarixində Yuliya Timoşenkodan sonra ikinci qadın Baş nazir oldu.

TodayPress TV xəbər verir ki, yeni hökumətin formalaşması əvvəlki Baş nazir Denis Şmıqalın istefasından sonra baş verdi

Prezident Volodimir Zelenski Şmıqalı müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürüb.

Yuliya Sviridenko indiyədək ölkənin iqtisadiyyat naziri və birinci vitse-premyeri vəzifəsində çalışıb. Ekspertlər onun bu təyinatını prezident administrasiyasının rəhbəri Andrey Yermakın siyasi dəstəyi ilə əlaqələndirirlər.

Siyasi karyerası və iqtisadi təcrübəsi

1985-ci ildə Çerniqov şəhərində anadan olan Yuliya Sviridenko iqtisadiyyat üzrə ali təhsil alıb və dövlət idarəçiliyi sahəsində ixtisaslaşıb. O, özəl sektorda çalışmaqla yanaşı, dövlət xidmətində də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2015-ci ildən Çerniqov vilayət administrasiyasında müxtəlif postlarda çalışıb, daha sonra isə prezident ofisində iqtisadi məsələlər üzrə rəhbər vəzifələrdə olub. 2021-ci ildə iqtisadiyyat naziri təyin edilərək, əmək, sənaye və qiymət siyasəti sahələrinə rəhbərlik edib.

Sviridenko 2025-ci ildə ABŞ ilə nadir torpaq metallarına dair resurs sazişini imzalayan əsas fiqurlardan biri olub. Saziş son anda Tramp və Zelenski arasında gərginliyə baxmayaraq reallaşmış və Ukraynanın iqtisadi müstəqilliyi ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu.

Yermakın təsiri və gözlənilən dəyişikliklər

Yeni hökumətin formalaşması fonunda Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın rolu xüsusi vurğulanır. Ukrayna mediası Sviridenkonun siyasi yüksəlişində Yermakın həlledici dəstəyini qeyd edir. Bildirilir ki, Yermakın təsiri ilə yeni nazirlər kabinetində bir neçə struktur birləşdirilə, bəzi nazirlər isə vəzifədən uzaqlaşdırıla bilər.

Britaniyanın “The Economist” və “Financial Times” nəşrləri yazır ki, Yermak Ukrayna daxilində siyasi qərarların 85 faizinə nəzarət edir və Baş nazirin təyinatı da onun nəzarətindədir. Müxalif deputatlar isə bildirirlər ki, Sviridenkonun Baş nazir postuna gətirilməsi ilə Yermak faktiki olaraq hökumətə rəhbərlik edəcək.

Analitiklər hesab edir ki, bu dəyişikliklər Ukraynada mümkün növbədənkənar seçkilərə hazırlıqla bağlıdır və Zelenskinin özünə tam loyallıq göstərən komanda formalaşdırmaq niyyətindən xəbər verir.

Qiymət Mahir

tag: Ukrayna,Baş nazir,Ali rada,Yuliya Sviridenko,Yuliya Timoşenko,Todaypress.tv,