Türkiyə "Kaan" qırıcı təyyarəsi üçün yerli mühərrik hazırlayacaq
Dünya
19.06.2025 10:15
"Turkish Aerospace Industries" (TAI) şirkəti "Kaan" adlı beşinci nəsil döyüş təyyarəsi üçün nəzərdə tutulan yerli mühərrikin hazırlanmasını 2032-ci ildə başa çatdırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
Hazırda uçuş sınaqlarından keçirilən "Kaan" modeli ABŞ istehsalı olan "General Electric F110" turbotəzyiqli mühərrikləri ilə təchiz olunub. Lakin Ankara xarici tədarükçülərdən asılılığı azaltmaq məqsədilə öz mühərrikini yaratmağı planlaşdırır.
TAI rəhbəri Mehmet Demiroğlu bildirib ki, şirkət "TF35000" adlı yeni mühərrik üzərində işə başlayıb. Bu mühərrik "Tusas Engine Industries" və "TR Motor" şirkətləri ilə birgə hazırlanır. Onun sözlərinə görə, ilkin sınaqlar 2026-cı ildə, mühərrikin "Kaan" üzərində istifadəsi isə 2032-ci ildə həyata keçirilə bilər.
Qeyd olunub ki, "Kaan" təyyarəsinin texnologiya nümayiş etdiricisinin uçuş sınaqları 2024-cü ildə başlayıb. Birinci prototipin 2026-cı ilin ilk rübündə, üçüncü prototipin isə 2027-ci ilin əvvəllərində səmaya qalxması gözlənilir. Ümumilikdə, uçuş sınaqları üçün altı təyyarənin hazırlanması nəzərdə tutulur.
Töhfə Səməd
tag: Turkish Aerospace Industries,Kaan,ABŞ ,General Electric F110,todaypress.tv,