Qazaxıstanda beynəlxalq hərbi-vətənpərvərlik toplantısı keçiriləcək
Dünya
09.06.2025 18:50
İyunun 22-dən 28-dək Qazaxıstanın Aktobe şəhərində “Aibın-2025” (“Şücaət-2025”) adlı beynəlxalq hərbi-vətənpərvərlik gənclər toplantısı keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbir Qələbənin 80 illiyi və Sovet İttifaqı Qəhrəmanı, snayper Aliyə Moldaqulovanın 100 illik yubileyinə həsr olunub.
Toplantıya Qazaxıstan və digər ölkələrdən mindən çox gəncin qatılması gözlənilir. Tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, hərbi bacarıqları artırmaq və mənəvi dəyərləri aşılamaqdır.
“Aibın” toplantısı artıq 11-ci dəfə keçirilir. 2024-cü ildə ilk dəfə olaraq rusiyalı gənclər də iştirak ediblər. Ümumilikdə Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan və Özbəkistandan 14-17 yaşlı 750 gənc bu tədbirə qoşulub.
Toplantı proqramına silahın sökülüb-yığılması, atıcılıq, qaçış, kəndir çəkmə və hərbi-taktiki oyunlar daxildir. Məqsəd gəncləri vətənin müdafiəsinə hazırlamaq və fiziki-psixoloji dayanıqlığı artırmaqdır.
Türkan İsgəndərli
tag: Qazaxıstan,Sovet,Hərbi,Təlim,todaypress.tv,