Polşa artilleriya mərmisi istehsalını artıracaq

Dünya

30.06.2025 10:50

Polşa 2026-cı ilə qədər haubitsalar üçün artilleriya mərmilərinin yerli istehsalını 5 dəfə artırmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə müsahibəsində ölkənin dövlət aktivləri naziri Yakub Yavorovski məlumat verib.

Nazir bildirib ki, məqsəd xarici tədarükçülərdən asılılığı azaltmaq və ölkə daxilində dayanıqlı müdafiə sənayesi yaratmaqdır. Bu məqsədlə Polşanın "PGZ" adlı dövlət müdafiə şirkətinə 663 milyon dollar vəsait ayrılacaq. Pul əsasən 155 mm-lik iriçaplı mərmilərin istehsalına yönəldiləcək.

Hazırda "PGZ" ildə 30 min iri çaplı mərmi istehsal edir. Yeni maliyyə dəstəyi ilə bu rəqəmin 2026-cı ilədək 150-180 minə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Polşa müdafiə xərclərinə görə NATO ölkələri arasında liderdir. 2025-ci ildə bu məqsədlə 47,7 milyard dollar ayrılması gözlənilir ki, bu da ÜDM-in 4,7%-ni təşkil edir. Lakin bu vəsaitin böyük hissəsi indiyə qədər əsasən ABŞ və Cənubi Koreyadan alınan silahlara sərf olunub.

Türkan İsgəndərli

tag: Polşa,Müdafiə,Artilleriya,Haubitsa,Todaypress.tv,