Peruda 3800 illik qədim Karal şəhəri ziyarətçilərə açıldı
Dünya
14.07.2025 20:00
Peruda yerləşən və dünyanın ən qədim sivilizasiyalarından biri sayılan Karal mədəniyyətinə aid 3800 illik Peniko qalası səkkiz illik arxeoloji araşdırma və bərpadan sonra ziyarətçilərin üzünə açılıb.
TodayPress TV xəbər verir ki, "AFP" agentliyinin məlumatına görə, rəsmi açılış mərasimi Şimal And bölgəsindən gəlmiş sənətçilərin ənənəvi “pututus” (dəniz ilbizindən hazırlanan borular) ilə ifası və Pachamama – Yer Anaya edilən ritualla müşayiət olunub.
Ritualda kənd təsərrüfatı məhsulları, koka yarpaqları və yerli içkilər təqdim edilib.
Arxeoloq Rut Şeydi bildirib ki, Peniko eramızdan əvvəl 1800–1500-cü illərə aid yaşayış məskəni olub və 600 metr yüksəklikdə, çayın daşqınlarından qorunmaq üçün geoloji terras üzərində inşa edilib. O qeyd edib ki, bu məkan Sakit okean sahilindəki erkən insan icmaları ilə And və Amazon bölgələrinin sakinləri arasında ticarət və qarşılıqlı əlaqə mərkəzi kimi fəaliyyət göstərib.
2017-ci ildə başlanan qazıntılar nəticəsində ərazi üzrə 18 müxtəlif tikili, o cümlədən inzibati və yaşayış binaları aşkar edilib. Arxeoloqlar hesab edir ki, Peniko qədim Yaxın Şərq və Asiya mədəniyyətləri ilə eyni dövrdə mövcud olmuş təşkilatlanmış şəhər mərkəzlərindən biridir.
Tədqiqatçılar ümid edirlər ki, bu yer Karal sivilizasiyasının süqutunu sürətləndirən böhranların səbəblərini anlamağa yardım edəcək.
Qiymət Mahir
tag: Peru,Ritual,Arxeoloq,Rut Şeydi ,Todaypress.tv,