Meksikada kütləvi məzarlıq tapıldı
Dünya
05.08.2025 11:10
Meksikanın mərkəzində yerləşən İrapuato şəhərində aparılan axtarışlar zamanı kütləvi məzarlıq aşkar edilib. Əldə olunan insan qalıqlarından indiyədək 15 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Qvanafato əyalət prokurorluğu bazar ertəsi rəsmi açıqlama yayıb.
Bildirilib ki, qalıqların “parçalanmış və qarışıq vəziyyətdə” olması şəxsiyyətin müəyyənləşdirilməsini çətinləşdirir. Yerli medianın məlumatına görə, insan orqanları plastik torbalara yığılmış şəkildə tapılıb.
Hadisə yerinə “Hasta Encontrarte” adlı təşkilatın üzvləri də gəlib. Qrup itkin düşmüş insanların ailə üzvlərindən ibarətdir.
“Sevdiklərimizi tapacağımıza ümid edirik. İllər keçdi, hələ də heç nə bilmirik. Belə məzarlıqlar aşkar edildikdə, orada olmaq istəyirik”, - deyə təhlükəsizlik səbəbilə adını açıqlamayan bir qadın “AFP”yə bildirib.
Qiymət Mahir
tag: Meksika,Hadisə,İtkin,İrapuato ,Todaypress.tv,