Keçmiş baş nazirin Epşteynlə müəmmalı əlaqəsi aşkarlandı
Dünya
11.10.2025 19:15
İngiltərənin keçmiş baş naziri Toni Bleyrin 2002-ci ildə vəzifədə olarkən milyarder Ceffri Epşteynlə Baş Nazirlikdə görüşdüyü məlum olub.
TodayPress TV "BBC"yə istinadən xəbər verir ki, görüş yarım saatdan az davam edib və yalnız ABŞ-Böyük Britaniya siyasəti mövzularını əhatə edib.
Epşteyn daha sonra, 2008-ci ildə, yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunub. Bleyrin sözçüsü görüşün Epşteynin cinayətləri məlum olmamışdan əvvəl baş tutduğunu və başqa görüşlərin olmadığını bildirib.
Görüş üçün müraciəti Bleyrin yaxın həmkarı lord Piter Mandelson təqdim edib və Epşteyni ABŞ-nin keçmiş Prezidenti Bill Klinton vasitəsilə tanış etmək istədiyi qeyd olunub. Sənədlər əvvəlcə ictimaiyyətdən gizlədilib, lakin indi Milli Arxiv tərəfindən buraxılıb.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı həbsxanasında ölü tapılıb. O, 18 yaşdan kiçik qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilmişdi. ABŞ Federal Təhqiqat Bürosu (FTB) onun ölümünü intihar kimi təsdiqləyib.
Jalə Rövşən
tag: Ceffri Epşteyn,Toni Bleyr, Bill Klinton,Todaypress.tv,
