İndoneziyada vulkan partladı
Dünya
06.05.2026 16:14
İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında ən azı üç dəfə püskürmə baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Antara" məlumat yayıb.
Məlumatlara görə, vulkan kraterindən çıxan kül 800 metr hündürlüyə qədər qalxıb. Bu, dəniz səviyyəsindən təxminən 4476 metr yüksəkliyə bərabərdir.
Püskürmələr zamanı ağ, boz və qara rəngli külün intensiv şəkildə havaya yayılması müşahidə olunub. Kül buludları əsasən qərb və şimal-qərb istiqamətlərinə doğru hərəkət edib.
Yerli hakimiyyət turistlər və sakinlər üçün təhlükəsizlik məqsədilə vulkanın kraterindən 5 kilometr radiusda giriş qadağası tətbiq edib. Bildirilib ki, isti vulkan materiallarının püskürməsi riski hələ də qalır.
Semeru İndoneziyanın ən yüksək vulkanı və Yava adasının ən hündür zirvəsidir. Ölkə isə Sakit Okeanın “Atəş halqası” adlanan seysmik aktiv bölgəsində yerləşdiyi üçün tez-tez zəlzələ və vulkan püskürmələri ilə qarşılaşır. İndoneziyada ümumilikdə 500-dən çox vulkan var və onların təxminən 130-u aktiv hesab olunur.
Türkan İsgəndərli
tag: İndoneziya,Vulkan,Semeru,Krater,Todaypress.tv,
