Gürcüstan parlamentinin sədri Aİ liderlərinin bəyanatına cavab verdi

Dünya

05.10.2025 22:30

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqı (Aİ) liderlərinin ölkədə keçirilmiş yerli seçkilərlə bağlı birgə bəyanatına münasibət bildirib.

TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Şalva Papuaşvili Aİ nümayəndələrini həqiqətə uyğun olmayan məlumatlar yaymaqdan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, belə informasiyalar radikal qüvvələrin demokratiyaya, qanunun aliliyinə və insan haqlarına hörmətə zərbə vurmaq cəhdlərini gücləndirir.

“Əgər düzgün anlayıramsa, xanım Kallas və xanım Kos mətbuat katiblərinin Gürcüstan Prezidentinin sarayına hücum zamanı 25 polis əməkdaşının yaralanması ilə nəticələnmiş, hakimiyyəti devirmək məqsədilə keçirilmiş mitinqə dəstəyinə görə üzr istəmirlər. Lakin Gürcüstan cəmiyyətinin bu gün Avropa İttifaqından gözlədiyi məhz budur”, – Papuaşvili sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı tənqidi bəyanat yayıblar.

Xatırladaq ki, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper bir neçə gün əvvəl bildirib ki, gürcü xalqının dinc etiraz etmək hüququ var və Gürcüstan hakimiyyəti xalqın səsini eşitməlidir.

Jalə Rövşən

TodayPress TV 

tag: Gürcüstan,Avropa İttifaqı,Şalva Papuaşvili,TodayPressTV,