Alimlərindən sarsıdıcı kəşf: Nəhəng bəndlər Yer kürəsinin oxunu dəyişir

Dünya

21.07.2025 19:00

Harvard Universitetinin geofizika üzrə tədqiqat qrupu Yer kürəsində toplanan böyük həcmli bənd sularının təkcə dəniz səviyyəsini azaltmadığını, eyni zamanda planetin maqnit qütbünün yerdəyişməsinə səbəb olduğunu ortaya qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə "Geophysical Research Letters" məlumat yayıb. 

Araşdırmaya əsasən, dünyada yerləşən təxminən 7 min böyük bənddə toplanmış su kütləsi Yer qabığının dönmə oxunu, maqnit sahəsini yaradan daxili nüvədən təxminən 1 metr aralıya sürüşdürüb.

Bu su kütlələri əsasən okeanlardan çəkildiyindən, qlobal səviyyədə dəniz səviyyəsində 21 millimetrlik azalma müşahidə olunub. Alimlər bu prosesi “həqiqi qütb sürüşməsi” adlandırır. Bu, planetin maqnit qütbünün sabit qaldığı, lakin Yer qabığının bu qütbə nisbətən yerini dəyişməsi deməkdir.

Tədqiqat nəticələrinə görə, 1835-1954-cü illər arasında Avropa və Şimali Amerikada inşa olunan bəndlər Şimal Qütbünü təxminən 20 santimetr şərqə – Rusiyaya doğru sürüşdürüb. 1954-2011-ci illərdə isə Asiya və Şərqi Afrikadakı bənd tikililəri qütbün 57 santimetr qərbə – Şimali Amerikaya doğru hərəkətinə səbəb olub.

Tədqiqat göstərir ki, bu günə qədər inşa edilən bəndlər ötən əsrdə dəniz səviyyəsinin yüksəlməsinin təxminən dörddə birinin qarşısını alıb – bu da ildə orta hesabla 1,2 millimetr azalma deməkdir. Bəzi araşdırmalara görə bu müsbət hal kimi qiymətləndirilsə də, mütəxəssislər xəbərdarlıq edir ki, bəndlərin yerləşdiyi coğrafi mövqelər, dəniz səviyyəsinin harada və nə qədər qalxacağını birbaşa müəyyən edir.

Mütəxəssislər bildirir ki, insan fəaliyyətinin təsiri təkcə iqlim dəyişikliyi ilə yox, həm də maqnit qütblərinin sürüşməsi, atmosferin incəlməsi, okean axınlarının dəyişməsi və hətta vulkanik aktivlik kimi genişmiqyaslı proseslərdə də nəzərəçarpacaq dərəcədə artıb.

Töhfə Səməd

tag: Harvard Universiteti,Geofizika,Yer,Kürə,Bənd,Sürüşmə,Todaypress.tv,