740-dan çox Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olundu

Dünya

21.06.2025 13:49

Çinin Azərbaycandakı səfirliyi bildirib ki, İranda yaşayan 740-dan çox Çin vətəndaşı Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Global Times" məlumat yayıb.

Qeyd edək ki, səfirlik artıq bu həftənin əvvəllərində rəsmi olaraq Çindən olan vətəndaşlara İran ərazisindən Azərbaycana keçmək və buradan Çinə dönmək üçün lazımi yardımların göstərilməsinə başladığını elan etmişdi. Təkcə həmin gün 100-dən çox Çin vətəndaşı İranla Azərbaycan arasında yerləşən Astara sərhəd-keçid məntəqəsindən keçərək ölkəyə daxil olub.

Səfirliyin məlumatına görə, Azərbaycandakı Çin icmasının dəstəyi ilə təxliyə olunan şəxslər xüsusi çarter avtobuslarla paytaxt Bakıya daşınıb və onlar ya otellərdə yerləşdirilib, ya da dərhal geri dönmək üçün uçuş biletləri alıblar.

Çin səfirliyi əlavə edib ki, Astara sərhəd keçid məntəqəsinə Çin vətəndaşlarının axını davam edir və sərhəddə yerləşdirilmiş səfirlik heyəti onlara hər cür lazımi yardım göstərməkdə davam edəcək.

Töhfə Səməd

tag: Çin, Azərbaycan,Səfirlik,Astara,İran,Təxliyə,todaypress.tv,