Naxçıvanın muxtariyyət məsələsinə yenidən baxılması təklif olundu

Daxili siyasət

21.06.2025 12:27

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır.

Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyana dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra etməli idik”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil: “Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.

Deputat Eldar İbrahimov isə qeyd edib ki, Naxçıvanın muxtariyyət statusu hələlik saxlanmalıdır.

(APA)

tag: Milli Məclis,Plenar İclas,Sessiya,Layihə,Todaypress.tv,