Yeniyetmələr arasında aqressiya halları niyə artıb? – MÜTƏXƏSSİS RƏYİ
Cəmiyyət
03.07.2025 15:03
Xaçmaz rayonunda 15 yaşlı oğlan 43 yaşlı anasını qətlə yetirib. Buna səbəb, anasının ona telefon verməməsi olub.
Məsələyə münasibət bildirən psixoloq Zeynəb Əyyubova bu barədə TodayPress TV-yə danışarkən qeyd edib ki, bu cür hadisələr bir anda yaranmır.
Onlar uzun müddət yığılıb qalmış emosional və psixoloji problemlərin nəticəsində ortaya çıxır.
“Bu, sadəcə bir telefonun ətrafında baş verən mübahisə deyil. Burada dərin emosional çatışmazlıq, ailə münasibətlərində sevgi və qarşılıqlı anlaşmanın olmaması, uşağın psixoloji ehtiyaclarının qarşılanmaması əsas rol oynayır”.
Psixoloqun fikrincə, uşaqlarda aqressiv davranışların yaranmasının kökündə bəzi amillər dayanır. Bunlar ailədaxili münasibətlərdə sevgi və dəstəyin zəifliyi, psixoloji diqqətsizlik və emosional reaksiyalara laqeyd münasibət, uşağın virtual aləmdə yaşaması, telefon və oyun asılılığı, uşağın şiddətə şahid olması və ya özünün şiddətə məruz qalmasıdır.
Mütəxəssisin fikrincə, bu kimi faciəvi hadisələrin qarşısını almaq üçün profilaktik addımların atılması zəruridir:
“Valideyn-uşaq münasibətlərində açıq ünsiyyət olmalıdır. Uşaq öz duyğularını sərbəst ifadə edə bilməli, empatiya hissi ilə böyüməlidir. Ona internet və telefon istifadəsinə qadağa ilə yox, maarifləndirmə ilə nəzarət edilməlidir. Valideynlər emosional dəyişiklikləri hiss etdikdə gecikmədən psixoloqa müraciət etməlidirlər”.
Psixoloq əlavə edib ki, məktəblərdə psixoloji maarifləndirmənin genişləndirilməsi, valideynlərə və şagirdlərə yönəlik seminarların keçirilməsi vacibdir.
“Uşaqlar davranışları valideynlərdən öyrənirlər. Ailədə sevgi, hörmət, anlayış varsa, bu, uşağın daxili dünyasına da sirayət edir. Bu hadisə cəmiyyət üçün xəbərdarlıqdır. Psixoloji sağlamlıq hər zaman diqqət tələb edir”, – deyə Zeynəb Əyyubova fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Zeynəb Əyyubova,Psixoloq,Yeniyetmə,Aqressiya,Todaypress.tv,
