“Vətəndaşların sənədləri düz olmadığı üçün sosial müavinət ala bilmirlər” – Razi Nurullayevdən etiraz
Cəmiyyət
07.07.2025 16:54
“Azərbaycanda sosial müaviənətlərin verilməsi ilə bağlı şərtlər normal sayıla bilər. Amma ölkəmizdə insanların sənədlərinin qaydasında olmaması bu işi çətinləşdirir”.
Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.
“Bəzilərinin evi, maşını olmasa da adına mülk var. Əslində tələb edilən şərtlər Avropa standartlarına uyğundur. Amma cəmiyyətimiz Avropa cəmiyyəti deyil. İnsanlar haqqı olsa belə, sənədləri düz olmadığı üçün sosial müavinəti ala bilmirlər”.
Deputat qeyd edib ki, ölkəmizdə rəqabətli əməkhaqları və müavinət yoxdur. Əməkhaqları çox aşağıdır və yuxarı hədlə aşağı hədd arasında uçurum var. Bu da sosial bərabərsizlik yaradır.
O, təklif edib ki, bu cür bərabərsizliyi aradan qaldırmaq üçün əməkhaqları daha da yaxınlaşdırılmalıdır.
“Biz neft və qaz ölkəsiyik. Şəraitimiz bir çox ölkələrdən daha yaxşıdır. Amma Azərbaycanda adambaşına düşən ÜDM digər ölkələrdən daha azdır. Qəribəsi budur ki, Ermənistan və Gürcüstanda əməkhaqları daha yüksəkdir. Bəziləri bunu vətəndaşlarımızın əlavə gəlirlərinin olması ilə əsaslandırır. Bu, real göstərici deyil. Bütün gəlirlər leqallaşdırılmalıdır”, - deyə Razi Nurullayev vurğulayıb.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Reaksiya,Rubrika,Todaypress.tv,