TDT rəsmisi: “Azərbaycan təşkilatın su siyasətində aparıcı rola malikdir”

Cəmiyyət

11.09.2025 12:59

“Türk Dövlətləri Təşkilatı (TDT) su problemlərinin həllində regional əməkdaşlığı gücləndirir”.

TodayPress TV xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru, TDT Quraqlığın Qarşısının Alınması İnstitutunun İdarə Heyətinin sədri Balazs Hendriç Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın qurucu üzvlərindən biridir və Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə ilə birgə bu regional platformanın fəaliyyətində mühüm rol oynayır. Macarıstan isə müşahidəçi qismində iştirak edir.

Məruzəçi bildirib ki, su məsələsi yalnız milli deyil, əsasən regional xarakter daşıyır və həll yolları da məhz regional əməkdaşlıqdan keçir:

“Ölkələrin təcrübəsi bir-birindən fərqlidir: Qırğızıstan dağlıq ərazilərə, Macarıstan kənd təsərrüfatı və düzənliklərə, Qazaxıstan geniş çöllərə, Türkiyə isə su qıtlığına malikdir. Bu müxtəliflik birgə təcrübə mübadiləsi və ümumi standartlaşdırılmış mexanizmlərin yaradılması üçün böyük imkanlar açır”.

O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı dövlət başçıları səviyyəsində ildə iki dəfə toplanır. Bu ilin mayında Budapeştdə qeyri-rəsmi sammit keçirilib. Qarşıdakı həftələrdə isə Azərbaycan rəsmi sammitə ev sahibliyi edəcək.

“Su, davamlılıq və iqtisadi inkişaf məsələləri təşkilatın oktyabrda Bakıda keçiriləcək sammitinin əsas mövzusu olacaq. Bu platforma ölkələrə təcrübə paylaşmaq, strategiyaları uzlaşdırmaq və ortaq həll yollarını daha sürətlə tapmaq imkanı verir. Çünki zaman faktoru burada çox önəmlidir”, – deyə nümayəndə vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: TDT rəsmisi,Su,Macarıstan,Balazs,Todaypress.tv,