Sürücülük vəsiqəsi imtahanları DİM-ə keçə bilər?

Cəmiyyət

07.10.2025 14:20

Son günlər sürücülük vəsiqəsi almaq üçün imtahanların Daxili İşlər Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilməsi məsələsi ictimai müzakirəyə çıxarılıb.

Mövzuya münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə bu addımın yaxın zamanda baş tutmasının real olmadığını bildirib.

Ekspertin açıqlamasına görə, hazırda imtahanların keçirilməsi üçün Dövlət Yol Polisi sistemində bütün zəruri infrastruktur və kadr potensialı mövcuddur:

"Hazırda Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində bu imtahanları həyata keçirmək üçün kifayət qədər resurs və təcrübə var. Həm texniki baza, həm də ixtisaslı kadrlar baxımından sistem tam formalaşıb".

Eldəniz Cəfərov hesab edir ki, bu funksiyanın DİM-ə verilməsi hazırkı mərhələdə idarəetmədə qarışıqlığa səbəb ola bilər:

"Bu məsələ gündəmə gələ bilər, amma yaxın zamanda həyata keçirilməsi məqsədəuyğun deyil. DİM-in əsas fəaliyyəti təhsil və qəbul imtahanları üzərində qurulub. Sürücülük imtahanları isə fərqli texniki və təhlükəsizlik tələbləri olan bir prosesdir. Bu sistemin birdən-birə DİM-ə verilməsi çox çətin və baha başa gələr", - deyə Eldəniz Cəfərov qeyd edib.

Qeyd edək ki, hazırda Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sürücülük vəsiqəsi,DİM,DYP,İmtahan,Todaypress.tv,

photo