Sumqayıtda Allahın ümidinə qalan yataqxanalar… - ŞİKAYƏT
Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən 16 və 11 nömrəli yataqxana sakinləri yaşadıqları binadan narazıdırlar. Buna səbəb isə binaların yararsız vəziyyətdə olmasıdır.
TodayPress TV-yə danışan şikayətçi bildirib ki, problemlə bağlı müraciət etsə də, aidiyyatı qurumlar məsələ ilə maraqlanmır:
“2022-ci il 10 aprel tarixində Fövqalədə Hallar Nazirliyi rəy verib ki, yataqxanalar dərhal boşaldılmalıdır. Lakin buna əməl edən yoxdur. 10 ildən çoxdur ki, qorxu içində yaşayırıq. Əgər zəlzələ baş verərsə, hamımız binanın altında qalacağıq. Problemlə bağlı müraciət etsək də, məsələ ilə maraqlanan yoxdur. Beş mərtəbəli yataqxanalarda nə sanitar qovşaqlar, nə də mətbəxlər işlək vəziyyətdədir”.
Şikayəçilərin sözlərinə görə, 2015-ci ildə təmir işləri aparılsa da, qısa müddət sonra bina eyni vəziyyətə qayıdıb. Problemi aydınlaşdırmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurum rəsmisi Eyvaz Qocayev bizə bildirdi ki, Sumqayıt şəhərindəki mövcud yataqxanalar aidiyyatı qurumlar tərəfindən verilən rəy əsasında mərhələli şəkildə söküləcək.
“Artıq ötən il 3 yataqxanada yaşayan sakinlərin köçürülməsi ilə bağlı qərar verilib, bəzi yataqxanada isə təmir işləri aparılıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək". Bina sakinləri artıq neçə ildir ki, bu cavabla qarşılaşdıqlarını bildiriblər.
Qeyd edək ki, sözügedən binalara hazırda 130 ailə yaşayır. Onlar problemin təz həll olmasını istəyirlər.
Türkan İsgəndərli
tag: Sumqayıt,Şikayət,Yataqxana,Durum,Todaypress.tv,