Su layihələrində səhvlər baha başa gəlir – Ekspert xəbərdarlıq etdi

Cəmiyyət

10.09.2025 12:51

Su təsərrüfatı üzrə beynəlxalq ekspertlər layihələrin icrasında yol verilən ciddi risklərə diqqət çəkirlər.

TodayPress TV xəbər verir ki, 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında Belarus Respublikasının Polimerkonstrukiya Şirkətlər Qrupunun icraçı direktoru Yevgeniy İvanov vurğulayıb ki, layihələrə natamam və ya yanlış su analizi ilə başlamaq tələb olunan keyfiyyətə nail olmağa imkan vermir. 

“Bu, xəstəyə diaqnoz qoymadan dərman yazmağa bənzəyir”, – deyə o bildirib. 

Mütəxəssisin sözlərinə görə, layihələndirmə mərhələsində də ciddi problemlər ortaya çıxır. Çox vaxt dizayn texnoloqlardan və gələcək operatorlardan ayrı hazırlanır. Kağız üzərində mükəmməl görünən layihə reallıqda avadanlığın əlçatanlığını, mövcud infrastrukturla uyğunluğunu və ya xərcləri nəzərə almır. Bunun nəticəsi isə baha başa gələn yenidən dizaynlar, tikinti gecikmələri və münaqişələr olur.

Y.İvanov, həmçinin “Babil qülləsi effekti” adlandırılan problemi də xüsusi qeyd edib. Belə ki, vahid layihə olmadan müxtəlif təchizatçılardan avadanlıq alındıqda sistem parçalanmış vəziyyətə düşür və sabit işləyə bilmir.

“Ən yaxşı texnologiya belə tikinti keyfiyyətsiz olduqda uğursuzluğa düçar olur. Maliyyə, material və sahə hazırlığı düzgün aparılmadıqda illərlə davam edəcək sızmalar, korroziya və bahalı texniki xidmət qaçılmazdır”, – Yevgeniy İvanov əlavə edib. 

Qiymət Mahir

TodayPress TV

tag: Yevgeniy İvanov,Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,