Sosioloqdan aliment probleminə çarə: “Ya uşaq pulu verilsin, ya da dövlət fondu yaradılsın”

Cəmiyyət

01.08.2025 16:48

Boşanma prosesi zamanı cütlüklərin ən çox narahatlıq duyduğu məqamlardan biri də övladlarının gələcək taleyidir. Məhz bu səbəbdən uşağın qəyyumluğunda olmayan valideynin aliment ödəməsi qanunla tənzimlənir. Lakin bəzi hallarda bu vəsaitin ödənilməsi ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən sosioloq Lalə Mehralı isə alternativ variant kimi "Aliment Fondu"nun yaradılmasını təklif edib.

Bu zaman alimentin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Müvafiq fondun isə həm müsbət, həm də mənfi tərəfləri var:

"Bu, bir tərəfdən yaxşıdır. Uşaqların xərclərinin qarşılanmasında problemlər olmayacaq. Amma digər tərəfdən ailələrin boşanma qərarını daha rahat verməsinə səbəb ola bilər. Çünki aliment ala bilməmək ehtimalına görə boşanmaqdan çəkinən tərəflər, fondun mövcudluğuna arxayın olub bu addımı atacaqlar".

Onun sözlərinə görə, fondun maliyyələşdirilməsi də əlavə yük yaradacaq. Çünki aliment verə bilməyən və ya ölkəni tərk edən şəxslərin əvəzinə bu vəsaiti dövlət ödəməli olacaq. Bu isə uzunmüddətli perspektivdə ailələrə real fayda verməyəcək.

Sosioloq vurğulayıb ki, uşaq pulunun bərpası məsələsi gündəmə gəlməlidir. Onun fikrincə, bu addım həm sosial rifahı artırar, həm də boşanma hallarının azalmasına səbəb olar:

"Uşaq pulunun verilməsi həm uşaqların sosial müdafiəsini gücləndirər, həm də ailələrin aliment ümidinə əsaslanaraq boşanmaq qərarı verməsinin qarşısını alar. Alimentə arxayın olub ayda 900-1000 manat gəlir gözləyən valideynlər bir ay bu pulu alır, beş ay ala bilmir. Amma dövlət tərəfindən təyin edilən uşaq pulu həm hüquqi sabitlik, həm də sosial ədalət baxımından daha faydalı olardı", - deyə Lalə Mehralı fikrini sonlandırıb.

Türkan İsgəndərli

tag: Lalə Mehralı,Sosioloq,Uşaqlar,Aliment,Todaypress.tv,

photo