Səbinə Əliyeva: “Azərbaycan cəmiyyətində psixi sağlamlıqla bağlı stiqmatizasiya məsələsi aktualdır”

Cəmiyyət

09.10.2025 14:58

“Azərbaycan cəmiyyətində psixi sağlamlıqla bağlı stiqmatizasiya məsələsi aktualdır”

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.

“Ombudsmanın tapşırığı əsasında İşçi Qrupun Katibliyi tərəfindən müvafiq təhlil işi aparılıb.

İlk olaraq cəmiyyətdə psixi pozuntuları olan şəxslərə münasibət, stiqmatizasiya, ayrı-seçkilik halları ilə bağlı vəziyyəti öyrənmək məqsədilə ictimai rəy sorğusu və sosial şəbəkələrin monitorinqi keçirilib. Sorğu gender balansı nəzərə alınmaqla müxtəlif yaş kateqoriyasından olan şəxslər tərəfindən anonim qaydada cavablandırılıb. 

Aparılmış sorğunun nəticələri göstərir ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək ölkəmizdə hələ də bir çox insanlar üçün çətin qərardır – insanlar peşəkar kömək istəməyə utanc və ya tərəddüdlə yanaşır, “dəli” və ya “ruhi xəstə” damğası vurulacağından çəkinirlər. Sorğuda iştirak edən bir çox respondent, psixi pozuntu ilə yaşayan şəxslərin ailə qurmasına və valideyn olmasına qarşı çıxdığını, onların bu məsuliyyəti daşıya bilməyəcəyindən ehtiyat etdiyini bildirib. Hətta bu insanlar haqqında cəmiyyətdə “təhlükəli” və “etibarsız adam” kimi yanlış rəy formalaşıb. Təhlil işi cəmiyyətimizdə psixi sağlamlıq barədə hələ də ciddi stereotiplərin hökm sürdüyünü açıq şəkildə göstərir”.

TodayPress TV

tag: Ombudsman,Səbinə Əliyeva,Tədbir,Çıxış,Todaypress.tv,