Qivami Rəhimli: “Ermənilərin mənimsədiyi "abidələrimizdən" biri də mətbəximizdir”
Cəmiyyət
03.07.2025 10:35
“Ermənilərin mənimsədiyi "abidələrdən" biri də Azərbaycanın milli mətbəxidir”.
TodayPress TV xəbər verir ki, bu barədə “İrəvan xanlığının mətbəxi” adlı kitabın ingilis dilində nəşrinin təqdimat mərasimində layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli danışıb.
Onun sözlərinə görə, bu kitab ilk dəfə 2020-ci ildə Azərbaycan dilində çap olunub.
Baxmayaraq ki, kitabın adında “mətbəx” sözü yer alır, nəşr yalnız yemək reseptləri ilə məhdudlaşmır. Əsər həm də İrəvan xanlığının tarixini, bölgənin mədəni və maddi irsini əhatə edən ensiklopedik xarakter daşıyır. Kitabda Sərdar Sarayı, II Nikolayın onun bərpasına dair imzaladığı fərman və digər tarixi sənədlər də yer alır.
Layihə rəhbəri təqdim edilən faktların və sənədlərin İrəvan xanlığının qədim Azərbaycan torpağı olduğunu sübut etdiyini vurğulayıb. O həmçinin xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə İrəvanın Azərbaycan xalqının tarixi yurdu olduğunu bəyan edib və bu bölgəyə qayıdışın beynəlxalq hüquq çərçivəsində təmin ediləcəyini qeyd edib. Bu mövqe, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasında qəbul edilən sənədlərdə də əksini tapıb.
Qiymət Mahir
tag: Qivami Rəhimli,İrəvan ,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,