Qarabağda artan yanğınların qarşısını necə almaq olar? - Ekspert danışdı
Cəmiyyət
31.07.2025 18:40
"Qarabağ bölgəsində meşə və açıq sahə yanğınlarının artması ciddi narahatlıq doğurur. Bu hadisələr təkcə təbiətə deyil, həm də insanların təhlükəsizliyinə, ətraf mühitə, ekologiyaya, kənd təsərrüfatına və bölgədə aparılan bərpa-təmir işlərinə ciddi ziyan vurur".
Bu barədə təhlükəsizlik üzrə ekspert Orxan Musayev TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, yanğınların səbəbləri çoxşaxəlidir və onların qarşısının alınması sistemli texnoloji və qabaqlayıcı yanaşma tələb edir:
"Yay aylarında müşahidə olunan yüksək temperatur, aşağı rütubət və küləkli hava şəraiti yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Torpağın və bitki örtüyünün quruluğu o qədər yüksək olur ki, kiçik bir qığılcım belə böyük yanğınlara səbəb ola bilər. Təbii amillərlə yanaşı, insan faktoru da bu hadisələrin baş verməsində mühüm rol oynayır. Qaydalara əməl olunmadan siqaretin atılması, ocaqların sönmədən tərk edilməsi və ya əkin sahələrində otun nəzarətsiz yandırılması tez-tez yanğınlara səbəb olur."
Ekspert əlavə edib ki, bölgədə mövcud olan texnogen təhlükələr, o cümlədən minalar və partlamamış hərbi sursatlar yanğın zamanı əlavə partlayış riski yaradır və yanğınsöndürmə prosesini çətinləşdirir.
Onun fikrincə, yanğın baş verəndən sonra reaksiya vermək əvəzinə, riskləri qabaqlayan və idarə edən sistemlərin qurulması əsas şərtdir:
“Qarabağ bölgəsi həm təbiət baxımından həssas ərazidir. Bu səbəbdən həm qurumlar arasında, həm də əhali ilə koordinasiyalı fəaliyyət təmin olunmalıdır. Yanğının söndürülməsi mühüm mərhələdir, lakin ondan daha vacibi onun baş verməsinin qarşısını almaq üçün texniki təhlükəsizlik tədbirlərinin sistemli və davamlı şəkildə həyata keçirilməsidir".
Orxan Musayev qeyd edib ki, sözügedən tədbirlər yerinə yetirilsə, yanğın hadisələrinin baş vermə riski minimuma enər.
Türkan İsgəndərli
tag: Orxan Musayev,Ekspert,Qarabağ,Meşə,Yanğın,Todaypress.tv,
