Psixoloq valideynlərə XƏBƏRDARLIQ ETDİ: "Uşaqlarınızı telefondan uzaq tutun!"
Cəmiyyət
04.08.2025 17:35
Müasir dövrdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, uşaqların telefona olan marağı ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Günay Kərimi uşaqların telefonlardan həddən artıq istifadəsinin psixoloji fəsadlara yol aça biləcəyini bildirib.
Onun sözlərinə görə, hazırda körpələr arasında belə telefona maraq çox böyükdür:
"Bu, uşaqları ətraf mühitdən, insanlarla ünsiyyətdən uzaqlaşdırır və asosiallıq yaradır. Nəticədə onların nitq qabiliyyəti, diqqəti, yaddaşı və ümumilikdə təfəkkür formalaşması zərər görür. Bəzi oyunlar uşaqlarda aqressiya, qorxu və nifrət hisslərinin artmasına səbəb olur. Qan tökmək, zorakılıq, vuruşmaq və dalaşmaq kimi məzmunlar isə şiddətə meyli artırır və sosial münasibətlərin düzgün qurulmasına mane olur".
Mütəxəssis əlavə edib ki, uşaqları internetdən və telefondan tamamilə uzaqlaşdırmaq da real deyil. Lakin valideynlər onların istifadə müddətinə ciddi nəzarət etməli və oynadıqları oyunların məzmununa diqqət yetirməlidirlər.
"Telefondan asılılığın qarşısını almaq üçün uşaqlara maraqlı və faydalı alternativlər təklif olunmalıdır. Bu, onların maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Məsələn, musiqi alətlərində ifa etməyə başlamaq, idmanla məşğul olmaq, yeni dil öyrənmək və ya müxtəlif kurslara qatılmaq uşaqların həm inkişafına dəstək olar, həm də vaxtlarını daha səmərəli keçirmələrinə kömək edər".
Günay Kərimi sonda vurğulayıb ki, sağlam gələcək naminə uşaqları həm fiziki, həm də psixoloji baxımdan düzgün şəkildə yetişdirmək bizim borcumuzdur.
Türkan İsgəndərli
tag: Günay Kərimi,Psixoloq,Valideyn,Xəbərdarlıq,todaypress.tv,
