Psixoloq: Gənclər evlilikdən əvvəl maddi reallıqları müzakirə etməlidirlər"

Cəmiyyət

26.09.2025 17:30

"Gənclər arasında düşünülməmiş atılan evlilik addımları, qarşılıqlı anlaşmanın və maddi reallıqların nəzərə alınmaması boşanma hallarının artmasına səbəb olur". 

Bunu psixoloq Nabat Mirzəyeva TodayPress TV-yə verdiyi açıqlamada evlilikdəki problemlərin, xüsusən də maddi yükün yaratdığı çətinlikləri izah edərkən deyib.

Onun fikrincə, "maddiyyat önəmli deyil, əsas biz bir yerdə olaq" düşüncəsi ilə atılan bu addımlar sonradan böyük problemlərə səbəb olur. 

"Ailə qurulduqdan sonra isə övladın dünyaya gəlməsi ilə maddi yük daha da artır və bu, cütlüklər arasında mübahisələrə gətirib çıxarır. Hər iki tərəfin çalışdığı ailələrdə bu yük bərabər şəkildə paylansa da, bəzən qadınlar övladlarına baxmaq üçün işləmədikdə bütün məsuliyyət kişilərin üzərinə düşür. Bu məsuliyyəti daşıya bilməyən gənclər isə sonda boşanmaya məcbur olurlar".

Psixoloqun sözlərinə görə, evlilik təkcə bərabər olmaq deyil, bu yolda bərabər addımlamaqdır. 

Ekspert əlavə edib ki, onlar gələcək maddi durumu, evin xərclərini, övladın yükünü müzakirə etməlidirlər. 

"Ailə qurmaq nişanlı və ya sevgili olmaqdan fərqli bir mərhələdir. Bu, artıq iki nəfərin bir damın altına keçməsi, birlikdə qərar verməsi deməkdir. Övlad dünyaya gəlir, xərclər artır. Bu yükü təkcə bir tərəfin çəkməsi, xüsusən də kişilər bu məsuliyyəti təkbaşına daşıyanda münasibətlərdə gərginlik yaranır. Evlilik qərarı almamışdan əvvəl cütlüklər mütləq ailə psixoloqu ilə görüşməli, bir-birlərini nə dərəcədə tanıdıqlarını və gələcəkdə hansı məsuliyyətlərlə qarşılaşacaqlarını dərk etməlidirlər".

Nabat Mirzəyeva vurğulayıb ki, əgər evlənməzdən əvvəl aparılan danışıqlar nəticəsində gənclər bir-birini anlamırlarsa, gələcəkdə dağılacaq bir ailə qurmaqdansa, ayrılmaq daha doğru qərardır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nabat Mirzəyeva,Psixoloq,Evlilik,Müzakirə,Todaypress.tv,

photo