Ödənişli zonalar sıxlığı necə azaldacaq?

Cəmiyyət

22.09.2025 16:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Sənəd bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə açıqlamasında bildirib ki, sözügedən Fərmanın icrası sərnişinlərin gündəlik nəqliyyat təcrübəsinə bir sıra müsbət təsirlər göstərəcək:

"Prezidentin bu Fərmanı kompleks tədbirləri əhatə edir. Burada həm ödənişli zonaların yaradılması, həm də sərnişin daşımada bəzi güzəştlərin tətbiqi nəzərdə tutulur. Ödənişli zonaların yaradılması həmin bölgələrdə sıxlığın azalmasına səbəb olacaq. Sərnişin daşımada nəzərdə tutulan güzəştlər isə tələbələrə, pensiyaçılara və digər sosial qruplara maddi cəhətdən rahatlıq gətirəcək. Bu, onların rifahını yaxşılaşdırmaq üçün atılan mühüm addımdır".

Yasin Mustafayev vurğulayıb ki, dövlət başçısının bu qərarı sosial ədalət prinsipinə uyğun olaraq, xüsusilə aztəminatlı təbəqələrin yükünü yüngülləşdirməyə yönəlib. 

Qeyd edək ki, Prezidentin Fərmanı ilə "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu da yaradılıb. Fondun mədaxilinə avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq aiddir. Bununla, nağdsız ödəniş sisteminə keçən, ekoloji təmiz (CNG və elektrik) və müəyyən dizel avtobuslarla sərnişindaşıma həyata keçirən daşıyıcılara subsidiyalar veriləcək.    

Türkan İsgəndərli

TodayPress TV

tag: Yasin Mustafayev, Nəqliyyat,Ödənişli,Yol,Todaypress.tv,

photo