"Manatlıq taksi"lər niyə hələ də yığışdırılmayıb? – AÇIQLAMA

Cəmiyyət

29.05.2025 16:40

5

"Manatlıq taksi” adlandırdığımız qeyri-qanuni sərnişin daşınma xidmətinin mövcud olması, bugünkü ictimai nəqliyyatın yetərli səviyyədə olmamasının birbaşa nəticəsidir".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, nəqliyyatda keyfiyyət artdıqca, qeyri-qanuni daşımalara da ehtiyac qalmayacaq.  Ekspert ötən il ərzində bu istiqamətdə atılan addımların artıq müəyyən nəticə verdiyini də bildirib. Məsələn, Bakıda ayrılmış avtobus zolaqları və mikromobillik zolaqlarının yaradılması, nəqliyyatın axıcılığına və sərnişin sayına müsbət təsir göstərib.

"Hazırda metro və relsli nəqliyyat prioritetdir. 2025-ci ildən etibarən relsli nəqliyyatın inkişafı üzrə irimiqyaslı layihələrin icrasına start verilməsi gözlənilir. Əsas istiqamətlərə isə yeni metro stansiyalarının və xətlərin tikintisi, şəhərətrafı elektrik qatarlarının şəbəkəsinin genişləndirilməsi, tramvayların yenidən istifadəyə verilməsi, avtobusların prioritetləşdirilməsi və maliyyə dayanıqlığını təmin edən "Brutto müqavilə"lərə keçiddir. Bu tədbirlərin hər biri ictimai nəqliyyatın cəlbediciliyini artıracaq və nəticədə sakinlər daha təhlükəsiz, rahat və sürətli daşıma vasitələrinə üstünlük verəcəklər".

Ekspertin fikrincə, artıq yeni infrastruktur tikintisinə başlamadan belə, mövcud imkanlar daxilində atılan addımların effekti hiss olunmağa başlayıb. Belə ki, təkcə avtobus zolaqlarının hesabına bu il avtobusların hərəkət sürəti və sərnişin sayı artıb.

Metroda isə pik saatlarda qatarların sayı artırılıb: əvvəllər 30 cüt qatar çıxırdısa, artıq 32 cütə keçilib. Bu, sadəcə qrafik və resursların düzgün idarə olunması ilə əldə edilib. O, sonda diqqətə çatdırıb ki, baş verən dəyişikliklər təkamül xarakterlidir və birdən-birə tam nəticə gözləmək doğru olmaz. Amma sistemli şəkildə davam etdirilən bu tədbirlər nəticəsində sakinlərin qeyri-qanuni daşımaya deyil, müasir ictimai nəqliyyata üstünlük verməsi artıq qaçılmazdır.

Töhfə Səməd

tag: Rauf Ağamirzəyev,Ekspert,Manatlıq,Taksi,Todaypress.tv,

photo