Küləklər başlayır: Aşma təhlükəsi olan ağaclarla bağlı tədbir görülür?
Cəmiyyət
10.09.2025 13:30
“Bakıda güclü küləklərin təhlükə yaratdığı yaşlı ağaclarla bağlı tədbirlər görülür”.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadə bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, hazırda Bakı şəhərində güclü küləklərin müşahidə olunması ilə bağlı yaşlı ağaclarda aşma ehtimalını nəzərə alaraq, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür:
“Ərazilərdə mövcud olan iri, köhnə və potensial təhlükə yaradan ağacların monitorinqi aparılır, quru, zədələnmiş və külək zamanı sınma ehtimalı olan budaqlar kəsilərək təmizlənir, aşma təhlükəsi yüksək olan ağacların dayaqlarla möhkəmləndirilməsi təmin olunur və əhalinin sıx hərəkət etdiyi küçə, o cümlədən parklarda nəzarət gücləndirilir”.
N.Bədəlzadənin sözlərinə görə, gözlənilməz halların qarşısını almaq üçün operativ qruplar hazır vəziyyətdədir. O, həmçinin bildirib ki, məqsədimiz həm ağacların qorunmasını, həm də vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Bakıda küləkli havalar başlayıb. Paytaxtda hər il yaşlı ağaclarla bağlı problemlər yaşanır. Qəza şəraiti yaranır, bədbəxt hadisələr baş verir.
Aysel Mətləb
tag: Nərmin Bədəlzadə,Şöbə müdiri,Külək,Ağac,Todaypress.tv,