Kirayə avtomobil qəza törədərsə, zərəri kim ödəməlidir?
Cəmiyyət
26.09.2025 16:48
Son vaxtlar adi və xüsusi günlərdə kirayə avtomobil götürənlərin sayı artıb.
Lakin belə hallarda qəza baş verərsə, ziyanın kim tərəfindən ödəniləcəyi sual doğurur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki, məsələ həm icbari, həm də könüllü sığorta növləri çərçivəsində tənzimlənir.
“Qəza zamanı sənədlər qaydasında olduğu halda proses normal şəkildə davam edir”
Onun sözlərinə görə, icbari avtomobil sığortası qanunvericiliyin tələb etdiyi əsas şərtlərdən biridir:
"Əgər avtomobili idarə edən şəxs qaydaları pozmayıbsa və bütün sənədləri qaydasındadırsa, icbari sığorta təminatı adi prosedurlar əsasında tətbiq olunur. Yəni qəza zamanı sənədlər qaydasında olduğu halda proses normal şəkildə davam edir".
“Bu cür nəqliyyat vasitələri tez-tez fərqli şəxslər tərəfindən idarə edilir”
Ekspertin sözlərinə görə, kasko sığortası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Təcrübə göstərir ki, sığorta şirkətləri adətən kommersiya məqsədilə istifadə olunan, o cümlədən kirayə verilən avtomobillərə könüllü sığorta təminatı verməkdən çəkinirlər:
"Kirayə və ya taksi xidmətində istifadə olunan avtomobillərin qəza riski daha yüksək olur. Çünki bu cür nəqliyyat vasitələri tez-tez fərqli şəxslər tərəfindən idarə edilir. Müqavilələrdə çox zaman qeyd olunur ki, avtomobil kommersiya məqsədilə istifadə olunarsa və bu, qəza zamanı aşkar edilərsə, sığorta təminatı qüvvədən düşür. Həmçinin bəzi hallarda müqavilədə azadolma (franşiza) məbləği göstərilir ki, bu da müəyyən zərərin sığorta şirkəti tərəfindən ödənilməməsi deməkdir".
Nicat Əlibəylinin sözlərinə görə, nəticə etibarilə kirayə avtomobillərdə sığorta və zərərin ödənilməsi birbaşa müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır.
"Avtomobili kirayəyə götürməzdən əvvəl sığorta şərtlərinin diqqətlə öyrənilməsi vacibdir", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Nicat Əlibəyli,Sığorta eksperti,Kirayə Avtomobil,Qəza,Todaypress.tv,
