Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? - AÇIQLANDI
Cəmiyyət
27.10.2025 09:48
“Əmək Pensiyaları haqqında” Qanuna əsasən, gələn il yalnız əmək pensiyaları deyil, vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Qanunun 29.1-1-ci maddəsində göstərilir ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, bu mexanizm vətəndaşların pensiya kapitallarının inflyasiyadan qorunmasına və gələcəkdə daha yüksək məbləğdə pensiya almasına xidmət edir:
“Qanunvericiliyə əsasən, pensiya kapitalı hər il əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır. Yəni 2026-cı ildə pensiya kapitalları 2025-ci ilin illik inflyasiya səviyyəsinə əsasən indeksləşdiriləcək”.
Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən baxıb və qiymətlərin təxminən 6 faiz artacağını gözləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, ilin ilk doqquz ayında istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib.
“Mövcud qanunvericiliyə əsasən, əgər Mərkəzi Bankın proqnozu dəyişməz qalarsa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Bu o deməkdir ki, məsələn, pensiya kapitalı 50 min manat olan vətəndaşın vəsaiti gələn il təxminən 3 min manat artacaq”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, dəqiq göstərici 2026-cı ilin yanvar ayında açıqlanacaq və bu artım vətəndaşların sosial rifahına müsbət təsir göstərəcək.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Pensiya,Kapital,Todaypress.tv,
