“Emosional paylaşımlar problemi həll etmir” - “Qanun”dan Qismət Rüstəmova CAVAB

Cəmiyyət

24.09.2025 15:59

Tanınmış şair, esseist, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmov “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun ona qonorar ödəmədiyi ilə bağlı sosial şəbəkədə paylaşım yayıb. O, paylaşımda qeyd edib ki, aylar keçməsinə baxmayaraq, ona çatacaq məbləğ hələ də ödənilməyib.

TodayPress TV məsələ ilə bağlı Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb.

Sayta danışan direktor bildirib ki, "Qanun" nəşriyyatı Qismət Rüstəmovla deyil, uzun müddətdir İlahə Əkbər adlı tərcüməçi ilə əməkdaşlıq edir. İlahə xanım isə artıq təxminən 10 ildir ki, onlarla "freelance" tərcüməçi kimi işləyir. Bu müddət ərzində də etdiyi tərcümələrin qarşılığında daim qonorar alıb. 

“Nəşriyyat işi dinamik və mürəkkəb sahədir. İqtisadi çətinliklər, kitab satışlarındakı durğunluq və sərgilərin keçirilməsinə məhdudiyyətlər kimi obyektiv səbəblər bəzən ödənişlərin gecikməsinə gətirib çıxara bilir. Bu barədə tərcüməçilər öncədən məlumatlandırılır, yəni iş başlamazdan əvvəl onlara bildirilir ki, ödənişlər sərgi dövrlərində və ya hissə-hissə həyata keçiriləcək. 

Məsələn, qarşıdan Bakı Beynəlxalq Kitab Sərgisi gəlir və həmin dövr üçün bütün ödənişləri, o cümlədən İlahə xanımın qonorarını ödəməyi planlaşdırmışıq. Heç bir tərcüməçinin zəhmətinin qarşılıqsız qalması istəmərik. Sadəcə, böyük həcmdə tərcümə işinin birdən təhvil verilməsi büdcədə bir anda yük yaradır və biz onu mərhələli şəkildə ödəməyə məcbur oluruq”.

Şahbaz Xuduoğlu əlavə edib ki, bu cür məsələlərin əvvəlcə daxili qaydada – tərcümə koordinatoru vasitəsilə və ya birbaşa dialoq yolu ilə müzakirə olunması daha məqsədəuyğundur. Sosial şəbəkələrdəki emosional paylaşımlar isə problemi sağlam şəkildə həll etməyi çətinləşdirir. 

"Qanun" Nəşriyyatı 35 illik fəaliyyəti dövründə yüzlərlə müəllif və tərcüməçiyə müəlliflik və tərcümə haqları ödəyib. Qismət Rüstəmovun kitabı da nəşriyyatın hesabına iki dəfə çap olunub. Bizimlə əməkdaşlıq edən şəxslər bu sistemin necə işlədiyini bilir və əməkdaşlığa başlamazdan öncə bu şərtlərlə razılaşırlar. Onu da qeyd etmək istərdim ki, bu məsələ bizim üçün də vacibdir və ödənişlər planlaşdırılan şəkildə mərhələli olaraq həyata keçiriləcək", – deyə direktor fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Şahbaz Xuduoğlu,Qanun nəşriyyat,Qismət Rüstəmov,Qonorar,Todaypress.tv,