Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var?
Bu gün Azərbaycan poeziyasının incə ruhlu siması Nigar Rəfibəylinin doğum günüdür.
23 iyun 1913-cü ildə dünyaya göz açan körpəyə əvvəlcə nakam vəfat etmiş bibisi Suğra xanımın adı verilir. Lakin ailə uğursuzluq gətirər qorxusu ilə düz dörd-beş il bu adı dillərinə gətirməyə ürək eləmir və sonradan babası Ələkbər bəyin xeyir-duası ilə onun adı dəyişdirilərək Nigar qoyulur. Bu uşağın taleyi Azərbaycanın ən şanlı və eyni zamanda ən ağrılı səhifələrinə bağlanır.
Onun atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahlarından biri olmaqla yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə naziri və Gəncənin general-qubernatoru idi. Lakin bu şərəfli mənşə balaca Nigarın həyatına erkən yaşda böyük faciələr gətirir.
1920-ci ildə bolşeviklər Gəncəni işğal etdikdən sonra, ermənilərin böyük canfəşanlığı və saxta ittihamları nəticəsində 43 yaşlı Xudadat bəy Nargin adasında güllələnir. Həmin vaxt cəmi 7 yaşı olan Nigar atasız qalır, ailənin bütün əmlakı müsadirə olunur və onlar "bəy nəslinin nümayəndələri" kimi uzun illər ağır təqiblərə məruz qalırlar. Bu amansız təqiblərdən xilas olmaq üçün ailə parçalanır. Böyük qardaşı Kamil Türkiyəyə qaçaraq ömrünün sonunadək orada həkimlik edir, digər qardaşı Rəşid isə Rusiyaya oxumağa yollanır. Balaca Nigar isə anası Cəvahir xanımla birlikdə Bakıya pənah gətirir.
"Xalq düşməninin qızı" damğası Nigar xanımın gəncliyini daim kölgə kimi təqib edir və onun təhsilinə, ilk iş illərinə ağır zərbələr vurur. Bakı Pedaqoji Texnikumunda oxuyarkən onun sinfi mənşəyi, yəni bəy və cümhuriyyət nazirinin qızı olduğu aşkar edilir və sonuncu kursda oxuduğu texnikumdan xaric edilir. Bütün təhsil imkanları əlindən alınandan sonra Bakıdakı fəhlə mühitinə sığınmaq məcburiyyətində qalır.
Bir müddət "Bakı fəhləsi" qəzetində, daha sonra isə məşhur toxuculuq fabrikində işləyən gənc qız burada fəhlə qızların həyatından bəhs edən şeirlər yazmaqla həm də özünü rejimdən qorumağa çalışır. Çünki onun poeziyaya sevgisi çox erkən başlamışdı, cəmi 15 yaşında ikən "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında işıq üzü görmüşdü.
Lakin 1930-cu illərin əvvəllərində Azərnəşrdə bədii redaktor işlədiyi dövrdə təzyiqlər yenidən pik həddə çatır. Həbs olunma təhlükəsini dərindən hiss edən şairə Bakını tərk etmək məcburiyyətində qalaraq Moskvaya qaçır və orada Tarix-Ədəbiyyat İnstitutunda təhsilini davam etdirir. Bu gediş onun üçün həm ali təhsil, həm də sovet həbsxanalarından bir növ xilas xarakteri daşıyırdı. Müəyyən dövrlərdə onun öz soyadı olan Rəfibəyli imzası ilə şeir çap etdirməsi tamamilə qadağan edildiyindən, o, bir çox bədii və publisistik yazılarını sadəcə "Nigar" imzası ilə, bəzən isə müxtəlif gizli təxəllüslərlə mətbuata çıxarmağa məcbur olur.
Bütün bu qadağalara rəğmən Nigar xanım Azərbaycanın ilk dramaturq qadınlarından biri kimi uşaq dramaturgiyasının əsasını qoyur və onun uşaqlar üçün yazdığı "Qoçaq Polad" pyesi gənc nəslin tərbiyəsində uzun illər dərslik rolunu oynayır. O, həm də güclü bir tərcüməçi kimi tanınaraq Məhsəti Gəncəvinin rübailərini, Şillerin "Məkr və məhəbbət" pyesini və Voyniçin "Ovod" romanını Azərbaycan dilinə yüksək sənətkarlıqla bəxş edir.

Nigar xanımın həyatındakı ən böyük mənəvi qalxan və sığınacaq isə Azərbaycan ədəbiyyatının nəhənglərindən olan Rəsul Rza ilə qurduğu ailə və aralarındakı əbədi sevgi olur. Onların evliliyi o dövrün sovet ədəbiyyatı mühitində ən böyük cəsarət nümunələrindən biri idi. Partiya xətti ilə irəli gedən, bolşevik ideologiyasına sadiq gənc şair kimi təqdim olunan Rəsul Rzanın "əks-inqilabçı, güllələnmiş nazirin qızı" ilə ailə qurmaq istəməsi Yazıçılar İttifaqında "Sən bəy qızını necə sevə bilərsən?" ittihamı ilə böyük qalmaqala səbəb olur. Rəsula partiya tərəfindən ciddi xəbərdarlıqlar edilsə də, o, karyerasını və azadlığını riskə ataraq öz sevgisindən imtina etmir.

Hətta gənclərin evliliyinə mane olmaq və Nigar Rəfibəylini tamamilə sıradan çıxarmaq üçün iş partiya rəhbərliyinə qədər çatdıqda, Rəsul Rza Azərbaycan Kommunist Partiyasının dəhşətli rəhbəri Mir Cəfər Bağırovun qəbuluna gedərək onunla açıq və qətiyyətli danışır. Bu cəsarət və Nigarın sadəcə poeziya ilə məşğul olması Bağırovu yumşaldır və o bu izdivaca göz yumur.
Bu evlilikdən sonralar Azərbaycanın Xalq yazıçısı olacaq Anar dünyaya gəlir ki, o da illər sonra "Sizsiz" sənədli povestində valideynlərinin bu çətin sevgisindən bəhs edəcəkdi. 1937-ci ilin böyük terror illərində isə bu cütlük hər gecə qapılarının döyüləcəyini gözləyir. Nigar xanım xatirələrində dostları Mikayıl Müşfiq, Hüseyn Cavid və Əhməd Cavadın həbs xəbərlərini aldıqca növbənin onlara çatacağı günü dəhşətlə gözlədiklərini və çamadanlarının həmişə hazır vəziyyətdə saxlandığını yazırdı.
Bu sevgi, eyni zamanda dillər əzbəri olan möhtəşəm nəğmələrin doğulmasına vəsilə olur. Bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhurlaşan, lakin əsl adı "Neyləyim?" olan mahnının mətni məhz Nigar Rəfibəylinin həyat yoldaşı Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçi ilə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışaraq cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır.

Nigar Rəfibəyli isə dözülməz müharibə günlərində Rəsul Rzanın yolunu gözlədiyi vaxtda ürək ağrısı ilə bu şeiri qələmə alır. Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə etsə də, uzun illər bu şeirə mahnı bəstələmək onun xatirindən çıxır. Yazıçı Anar və Emin Sabitoğlu yaxın dost olduqlarından, bəstəkar Anarın evinə tez-tez qonaq gəlir və Nigar Rəfibəyli bəzi şeirlərinə mahnı bəstələməsini şəxsən Emindən xahiş edir. Belə şeirlər arasında Nigar xanımın yenə də sırf Rəsul Rzaya həsr etdiyi "Əsən yellər" və "Aman ayrılıq" şeirləri də yer tutur.
Əslində, Xalq artisti Akif İslamzadənin öz çıxışlarından birində qeyd etdiyinə görə, bu mahnı daha əvvəl tamam başqa melodiyada, yenə də Emin Sabitoğlu tərəfindən bəstələnmiş və onu ilk dəfə Gülağa Məmmədov ifa etmişdi. Lakin bəstəkar mahnının həmin ilk melodiyasını tamamilə unutduğuna görə illər sonra yeni versiyası ərsəyə gəlir. Hətta Akif İslamzadə bu mahnını illər sonra ilk dəfə oxumaq istəyəndə Gülağa Məmmədov vaxtilə bu sözlərə mahnı oxuduğunu ona bildirir və arxivdən həqiqətən də şeirə bəstələnmiş həmin köhnə mahnının notları tapılır.

Lakin Emin Sabitoğlu köhnə bəstəni deyil, tamamilə yeni bir variant ərsəyə gətirmək istəyirdi. O, Anarı və Akif İslamzadəni öz evinə dəvət edir, şeir üzərində yeni musiqi axtarışları başlayır və mahnı bir neçə fərqli versiyada ifa olunur.
Bu yaradıcılıq axtarışlarına son nöqtəni və mahnının hal-hazırda hamının dinlədiyi o unudulmaz, həzin fəlsəfəsini isə acı bir tale bəxş edir. Belə ki, ömrünün son illərində Nigar xanım ağır xərçəng xəstəliyinə tutulur, bu ərəfədə Rəsul Rza da yüksək təzyiqlə xəstəxanaya yerləşdirilir və 1981-ci ildə dünyasını dəyişir.
Rəsul Rzanın ölümündən dərhal sonra Emin Sabitoğlu Nigar xanımın xəstəxanada bu itkidən xəbərsiz olmasından dərin sarsıntı və təsir keçirir. Məhz bu böyük mənəvi sarsıntının təsiri altında bəstəkar evdəki fərqli versiyalar arasından məhz o ən ağrılı, ən dramatik melodiyanı son seçim olaraq qəbul edir və beləcə, ölməz "Neyləyim?" bəstəsi son variantda doğulur.
Həmin vaxt xəstəxanada müalicədə olan Nigar xanımın vəziyyətini daha da ağırlaşdırmamaq üçün oğlu Anar, ailə üzvləri və həkimlər acı xəbəri ondan gizlətmək qərarına gəlirlər. Şairənin palatasına daxil olarkən hamı qara paltarlarını çıxarır, üzlərinə süni təbəssüm qondurur, hətta Rəsul Rzanın adından onun Moskvada elmi konfransda və reabilitasiyada olduğunu deyərək uydurma məktublar və teleqramlar oxuyurdular.
Mahnının ilk lent yazısı isə məhz Rəsul Rzanın ildönümü üçün hazırlanan sənədli film üçün nəzərdə tutulmuşdu. Həmin ilk lent yazısında Akif İslamzadəni Emin Sabitoğlu royalda müşayiət edir, divarda isə Rəsul və Nigarın portretləri əks olunurdu.
Çəkiliş bitdikdən sonra sənətkar Şövkət Ələkbərova kadrların yenidən çəkilməsini tələb edir, çünki o, mahnıdan və onun arxasındakı həqiqətdən elə təsirlənmişdi ki, ağlaması kadrlara açıq şəkildə yansımışdı. İkinci çəkilişdə də Şövkət xanım özünü saxlaya bilməyib yenidən kövrəlir və artıq üçüncü kadr çəkilmir. Mahnının sədaları altında Şövkət Ələkbərovanın məhz o kövrəldiyi anlar lentə alınır.
Bu lent yazısı xəstəxanaya, Nigar xanımın yanına gətiriləndə, bacısı Anardan xahiş edir ki, bu mahnının lent yazısını xəstəxanadan dərhal aparsın. Çünki Nigar hələ də Rəsulun ölümündən xəbərsizdir və onun xəstəxanaya gəlmədiyini düşünüb Rəsuldan bərk incidiyini deyir. Lakin Akif İslamzadənin dediyinə görə, məhz bu mahnını dinlədikdən sonra Nigar xanım Rəsulun artıq bu dünyada olmadığını, öldüyünü daxilən anlayır.

Bir müddət sonra həkimlər onun xəstəliyinin əlacsızl olduğunu bildirirlər. Nigarı evə gətirirlər. O, üzünü qızlarına tutub qara paltarını istəyir. Gətirirər, geyinir. Sanki Rəsulun yoxluğunu hiss edir, yas saxlayır. Bir həftə sonra - 1981-ci il iyulun 9-da vəfat edənə qədər həyat yoldaşının rəsmi ölüm xəbərini heç vaxt eşitmədi. Ölüm yatağında son nəfəsində həkimlərə "Rəsula deməyin, narahat olar" deyə pıçıldayaraq böyük sevgisi ilə birlikdə əbədiyyətə qovuşdu. Son mənzilə gedərkən də sanki Rəsula yazdığı, ömrünün son günlərində isə taleyinin acı həqiqətinə çevrilən o misraları pıçıldayırdı:
"Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
Tez gələsən, bəlkə əlac görəsən..."
Qiymət Mahir