DİQQƏT! Ucuz ev alaraq, MÜFLİS OLA BİLƏRSİNİZ

Cəmiyyət

24.05.2025 11:37

104

Sosial şəbəkələrdə yayılan saxta elanlar vasitəsilə vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi və maddi vəsaitlərinin mənimsənilməsi halları artmaqda davam edir.

Bu barədə vəkil Etibar Qarayev TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saxta elanlar daha çox ev alqı-satqısı, kirayə, avtomobil satışı və iş elanları adı altında yerləşdirilir. Məqsəd vətəndaşları aldadaraq onlardan beh və ya ilkin ödəniş almaqdır.

“Vətəndaşlar bilməlidirlər ki, internetdə yerləşdirilən istənilən elan saxta ola bilər. Əgər təqdim edilən təklif real bazar qiymətlərindən xeyli aşağıdırsa və elan yerləşdirən şəxs təcili qərar verilməsini tələb edirsə, bu, ciddi şəkildə şübhə doğurmalıdır”.

Vəkil əlavə edib ki, dələduzlar çox vaxt “evi tez əldə etməsəniz, başqa biri alacaq” kimi təzyiq yaradan ifadələrlə insanları tələsdirir və onlardan beh göndərmələrini tələb edirlər. O, xəbərdarlıq edib ki, vətəndaşlar heç bir halda evi və ya avtomobili görmədən, hüquqi sənədlərlə tanış olmadan, eləcə də müqavilə bağlamadan ödəniş etməməlidirlər.

Hüquqşünas həmçinin qeyd edib ki, bəzi hallarda dələduzlar vətəndaşlara saxta linklər göndərərək onların şəxsi məlumatlarını ələ keçirirlər. Onlar çox vaxt müvəqqəti və ya başqasının adına olan telefon nömrələrindən istifadə edərək izlərini gizlədirlər. Bu da onların müəyyənləşdirilməsini çətinləşdirir:

“Bütün hallarda vətəndaşlar dələduzluqla üzləşdikdə bu barədə hüquq-mühafizə orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinin Kibertəhlükəsizlik Baş İdarəsinə və Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməlidirlər. Hətta məbləğ kiçik olsa belə, bu hallar cəmlənərək cinayət tərkibi yaradır”.

Etibar Qarayevin fikrincə, maarifləndirmə tədbirlərinin artırılması və vətəndaşların diqqətli davranması belə halların qarşısının alınmasında əsas rol oynayır. 

Türkan İsgəndərli

tag: Etibar Qarayev,Vəkil,Ev,Müflis,Todaypress.tv,

photo