Dərmanların qiyməti niyə "əl yandırır" ?

Cəmiyyət

21.06.2025 11:42

“Dərmanların baha olmasına səbəb onların ölkəmizdə istehsal edilməməsi ilə bağlıdır”.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, sovet dövründə Azərbaycanda lazımi dərman zavodları qurulmayıb. Sonrakı illərdə isə müharibələr və digər səbəblər bu sahədə inkişafın qarşısını alıb. 

“Hazırda dərmanlar əsasən xaricdən gətirilir. Bu, bizi asılı vəziyyətdə saxlayır və qiymətlərin yüksək olmasına səbəb olur. Digər bir mühüm məsələ, müəyyən şirkətlərin dərmanların qiymətlərini istədikləri kimi müəyyən etməsidir. Əhaliyə keyfiyyətsiz məhsullar gətirən və bununla yanaşı qiymətləri artıran şirkətlər və şəxslər daha çox diqqətə alınmalıdır. Bu, yalnız cinayət məsuliyyəti deyil, həm də əhalinin sağlamlığını təhlükəyə atmaqdır”.

Həkimin fikrincə, vəziyyətdən çıxış yolu yerli istehsalın gücləndirilməsidir. 

“Bəzi dərman zavodları fəaliyyətə başlasa da, hələ də ölkənin tələbatını tam qarşılamırıq. Xaricə dərman və tibbi alətlərə sərf olunan vəsait isə böyük iqtisadi itkilərə səbəb olur. Yerli istehsal artırılmalı, dərmanların qiymətləri aşağı salınmalı və bu sahədə sistemli siyasət həyata keçirilməlidir”, - deyə Aydın Əliyev fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Aydın Əliyev,Dosent,Dərman,Qiymət,Todaypress.tv,

photo