Çökən asfaltlar, böyüyən çatlar və batan pullar... – Paytaxtın yolları niyə bu vəziyyətdədir?
Cəmiyyət
14.08.2025 14:20
Paytaxtın mərkəzi yollarının asfalt-beton örtüklərində tez-tez çatların əmələ gəlməsi nəqliyyat axınına mənfi təsir göstərir. Bu isə ictimai narazılığa səbəb olur.
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə bildirib ki, problemin səbəbləri çoxşaxəlidir və hər bir hal fərdi şəkildə araşdırılmalıdır.
Onun sözlərinə görə, bəzi ərazilərdə torpaq texnogen çökmələrə məruz qalır, bəzilərində isə yolun alt layı – yəni yol geyimi zədələnir. Elə hallar da mövcuddur ki, yalnız asfalt örtüyündə çatlamalar meydana çıxır.
"Yəni bütün bu hallar eyni səbəbdən qaynaqlanmır, hər biri ayrıca qiymətləndirilməlidir. Yağıntılar, xüsusilə yağış suları, tikinti zamanı istifadə olunan materialların keyfiyyəti, nəqliyyat vasitələrinin çəkisi və hərəkət intensivliyi, eləcə də qazıntı işlərindən sonra yol örtüyünün düzgün bərpa olunmaması yollarının keyfiyyətinə təsir edən əsas amillərdəndir ".
Y.Mustafayevin fikrincə, yolların uzunömürlü olması üçün bir neçə vacib addım atılmalıdır:
"Yol tikintisində yüksək keyfiyyətli materiallardan istifadə, alt layın möhkəmləndirilməsi, düzgün drenaj sisteminin qurulması, ağırtonnajlı nəqliyyat vasitələrinin müəyyən ərazilərdə hərəkətinə məhdudiyyət qoyulması, həmçinin qazıntı işlərindən sonra yolun ilkin vəziyyətinə uyğun şəkildə bərpa olunmasına ciddi nəzarət və s. bu kimi problemlərin qarşısını ala bilər".
Ekspert sonda qeyd edib ki, konkret bir ünvanda problemin dəqiq diaqnostikası aparıldıqdan sonra daha məqsədyönlü və effektiv həll yolları təklif etmək mümkündür.
Türkan İsgəndərli
tag: Yasin Mustafayev, Nəqliyyat,Paytaxt,Yol,Todaypress.tv,
