BP tərəfindən AMİU-da üç yeni laboratoriya açıldı

Cəmiyyət

19.05.2025 17:10

5

Bu gün bp Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) tam təchiz edilmiş üç yeni laboratoriya açıb.

TodayPress TV xəbər verir ki, layihə ölkədə təhsilin inkişafına və innovasiya potensialının artırılmasına bp-nin daha bir əhəmiyyətli töhfəsidir. 

Yeni laboratoriyalar bp-nin AMİU-ya daha öncə hədiyyə etdiyi üç laboratoriyaya əlavə olaraq universitetin texniki infrastrukturunun genişləndirilməsinə xidmət edəcək. 

Bu təşəbbüs bp-nin yerli universitetlərin tədris və tədqiqat imkanlarının müasirləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsi olmaqla təhsilin keyfiyyətinin artırılmasına və mühəndislik və tikinti sahələrində innovasiyaların təşviqinə yönəlib. 

Yeni açılmış laboratoriyalar bunlardır:

Ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyası – “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasına təqdim edilib;

Nasos və nasos qurğuları laboratoriyası – “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasına təqdim edilib;

Daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası – “Texnoloji maşın və avadanlıqlar” kafedrasına təqdim edilib. 

Laboratoriyaların açılış tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib:

“İxtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır. Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, Memarlıq və İnşaat Universitetinin texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.” 

Qeyd edək ki, layihənin ümumi dəyəri 170245 AZN-dir (təxminən 100144 ABŞ dolları).

tag: BP,AMİU,Laboratoriya,Açılış,Todaypress.tv,