Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir

Cəmiyyət

19.09.2025 16:48

Azərbaycanda erkən nikah mövzusu hələ də cəmiyyətin gündəmində qalmaqda davam edir.

Son onilliklərdə bu sahədə müəyyən dalğavari dəyişikliklər müşahidə olunsa da, problem tam aradan qalxmayıb.

“Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur”

Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, erkən nikah halları daha çox ucqar rayonlarda və çoxuşaqlı ailələrdə müşahidə olunur:

"Əksər hallarda erkən nikaha daxil olan qızların öz istəkləri yox, valideynlərin istəkləri daha çox rol oynayır. Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur. Amma nəticə müxtəlif ziddiyyətlər, küsülülüklər, hətta boşanmalarla da yekunlaşa bilir".

“Ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir”

Ekspertin sözlərinə görə, erkən nikahlar əksər hallarda sosial-iqtisadi çətinliklər yaradır. Məsələn, işsiz və ya miqrant həyat tərzi keçirən kişilərlə qurulan bu nikahlar çox zaman qızların psixoloji sarsıntı yaşamasına səbəb olur:

"Statistikalar göstərir ki, belə ailələrdə boşanma halları kifayət qədər yüksəkdir. Çünki hələ sosial peşə yönümünü müəyyənləşdirməmiş yeniyetmələrin ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir".

Sosioloq əlavə edib ki, bu gün gənc qızların böyük əksəriyyəti erkən nikaha can atmır və bu proses daha çox valideynlərin təbliğatı nəticəsində baş verir.

"Valideynlər bilməlidirlər ki, erkən nikah həm qanunvericiliyin pozulmasıdır, həm də övladlarının həyatına ağır yük yükləməkdir. Ailə institutu indi qarşılıqlı əməkdaşlıq üzərində qurulur və buna görə də həddi-buluğa çatmamış şəxslərin məsuliyyətli ailə həyatına sürüklənməsi qəti yolverilməzdir", - deyə Hüseyn İbrahimov fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda nikah yaşı qadınlar və kişilər üçün 18 yaş müəyyən edilib. Lakin üzürlü səbəblər olarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Erkən nikak,Boşanma,TOdaypress.tv,

photo