Azərbaycanda televiziyalar boşanmalara yol açır? – Mütəxəssis rəyi
Cəmiyyət
04.06.2025 17:48
“Özəl televiziyalarda, şou proqramlarda, bəzi ictimai müzakirələrdə ailə məişət mövzuları incəliklərinə qədər müzakirə olunur. Bəzi verilişlərdə, ailə-məişət mövzusundan faciə, komediya düzəldilir, reytinq artırmaq üçün müəyyən epizodlar paylaşılır, zərərli dramaturji materiallar paylaşılır”.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ailə mövzusunun belə təqdim olunması narahatedici haldır. Amma müzakirə olunan məsələlər ailənin əsaslarına toxunan ciddi problemlər deyil:
“Azərbaycanda ailə institutuna yönəlmiş təhlükələrin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Boşanmaların səbəbi daha çox sosial, mənəvi və psixoloji amillərlə bağlıdır. Ailə dəyərləri qorunmalı, sevgi, hörmət və ehtiram kimi anlayışlar cəmiyyətə aşılanmalıdır. Televiziyalar isə bu mövzularda daha həssas və diqqətli davranmalıdır”.
Qeyd edək ki, deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında bildirib ki, boşanmaların artmasında televiziya verilişlərinin də rolu var və bu səbəbdən ailə dəyərlərinə zidd proqramların yayımı dayandırılmalıdır.
Türkan İsgəndərli
tag: Qulu Məhərrəmli,Professor,Televiziya,Boşanma,Todaypress.tv,
