Azərbaycan yenidən tranzit dəhliz rolunda: “Türkmənistan üçün Rusiya sərfəli seçim deyil”
Cəmiyyət
26.08.2025 13:50
“Trans-Xəzər layihələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına mühüm faydalar verə bilər”.
İqtisadçı Xalid Kərimli bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələr sırasında ilk onluqda yer alır. Hazırda bu qaz ehtiyatları əsasən Rusiya və Çin istiqamətində ixrac edilir.
“Rusiya özü də qaz ixrac edən ölkədir, lakin Türkmənistandan ucuz şərtlərlə alaraq, daha yüksək qiymətə satır. Bu isə Türkmənistan üçün əlverişli transaksiyaya çevrilmir. Avropa isə Rusiyadan qaz almağı azaldır. Bu kontekstdə Türkmənistan alternativ marşrutlar axtarır”.
Ekspertin fikrincə, Trans-Xəzər layihələrinin işə düşməsi Türkmənistan qazının Azərbaycanın ixrac infrastrukturu vasitəsilə dünya bazarına çıxmasına imkan yaradacaq. Bu, Azərbaycanın strateji əhəmiyyətini artırır. Qərb üçün isə bu, həm tranzit gəlirləri, həm də enerji təhlükəsizliyi deməkdir.
İqtisadçı əlavə edib ki, layihələrin digər mühüm istiqaməti isə yükdaşımalarında Azərbaycandan körpü kimi istifadə edilməsidir:
“Xəzər dənizindən bərələr vasitəsilə yüklərin Bakı-Tbilisi-Qars və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə ixracı Azərbaycana əlavə tranzit gəlirləri gətirəcək. Bu isə yeni iş yerlərinin yaradılmasına, əlavə məhsul istehsalına şərait yaradacaq. Türkmənistan, Özbəkistan və Qazaxıstan üçün də alternativ tranzit kanallarının mövcudluğu əhəmiyyətlidir”, - deyə X.Kərimli fikrini yekunlaşdırıb.
Qeyd edək ki, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə yüksəksəviyyəli görüş keçirilib.
Görüş zamanı ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialı nəzərdən keçirilib.
Aysel Mətləb
tag: Xalid Kərimli,İqtisadçı,Azərbaycan,Tranzit,Todaypress.tv,
