Azərbaycan dilində “vapşe” və “znaçit”ə yer yoxdur! – Qulu Məhərrəmli

Cəmiyyət

19.05.2025 15:21

80

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun rus dilindən gəlmə bəzi sözlərin Azərbaycan dilinin lüğət tərkibinə daxil edilməsi ilə bağlı təklifi ictimaiyyətdə fikir ayrılığına səbəb olub.

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli TodayPress TV-yə açıqlamasında bu təklifi elmi cəhətdən əsaslandırılmamış hesab etdiyini bildirib. 

Onun sözlərinə görə, “znaçit”, “vopşe”, “uje”, “zapoy”, “paxmel” kimi ifadələr danışıq dilində tez-tez işlənməsinə baxmayaraq, onların Azərbaycan ədəbi dilinə gətirilməsi düzgün yanaşma deyil.

"Nizami Cəfərov bizim çox görkəmli dilçi alim, dil tədqiqatçısı, ensiklopedik zəkaya malik olan filoloqlarımızdan biridir. O, dilçiliyin atası sayılan Ferdinand de Sössürun dillə bağlı əsərlərinin Azərbaycan dilinə tərcüməçilərindəndir. Onun dediklərində də müəyyən həqiqətlər var ki, rus dilindən gəlmə bir çox sözlər - "znaçit" "uje" "vopşe" danışıq dilində işləkdir. Amma dildə işlək olan hər sözü də dilin lüğət fonduna salmaq doğru deyil". 

Professor bildirib ki, hazırda Azərbaycan dilində dilin bütün söz ehtiyatını əhatə edən sistemli baza mövcud deyil. Əvəzində müxtəlif dialekt və terminoloji lüğətlər, eləcə də orfoqrafiya lüğəti mövcuddur. 

“Məsələn, "Oskar" lüğəti ingilis dilinin bütün korpusunu əhatə edir. Tərkibində 650 mindən çox söz var. Bizdə 2013-cü ildə orfoqrafiya lüğətinə çoxlu sayda sözlərin əlavə olunması ilə lüğəti "zibillədilər" və onu 114 min sözə çatdırdılar. Lakin orfoqrafiya lüğəti yalnız sözlərin düzgün yazılışı ilə bağlıdır və bu baxımdan ümumi dil korpusunu əks etdirmir”. 

Qulu Məhərrəmlinin fikrincə, adı çəkilən kimi sözlər zamanla dildən silinəcək. Buna səbəb yeni gələn nəslin o sözləri işlətməməsidir. 

Professor qeyd edib ki, dil bir növ "lakmus kağızı"dır.

Cəmiyyətdə baş verən prosesləri əks etdirir. Amma bu, o demək deyil ki, təsadüfi danışıq sözlərini rəsmi dil müstəvisinə keçirmək olar. Onun fikrincə, bu sahədə elmi qərarlar verilməlidir. 

Türkan İsgəndərli

tag: Qulu Məhərrəmli,Professor,Azərbaycan,Dili,Todaypress.tv,