Azərbaycan Cüdo Federasiyasının məqsədləri açıqlandı
"Əsas məqsəd Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına uğurlu hazırlıqdır və Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı bu prosesin ən vacib mərhələlərindən birini təşkil edir".
TodayPress TV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bu fikirləri cüdo üzrə böyüklər arasında dünya çempionatına həsr olunan mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, dünya çempionatı dördillik Olimpiya hazırlıq dövrünün tam ortasına təsadüf edir və milli komandanın hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Yarışın Bakıda keçirilməsi həm federasiya, həm məşqçilər, həm də idmançılar üçün məsuliyyəti daha da artırır. Milli komandaların hazırlığı sistemli şəkildə davam etdirilir. Kişilərdən ibarət yığma hazırda Göygöldə fiziki hazırlıq təlim-məşq toplanışındadır. Daha sonra komanda Bakıda hazırlıqlarını davam etdirəcək, avqustun 5-15-də Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Burada Yaponiya, Rusiya, Özbəkistan və Qazaxıstan yığmalarının da iştirak etməsi gözlənilir".
İcraçı vitse-prezident əlavə edib ki, hazırlıq çərçivəsində Azərbaycan cüdoçuları Ulan-Bator və Budapeşt Böyük Dəbilqə turnirlərində mübarizə aparacaq, məhz həmin yarışlardan sonra dünya çempionatı üçün yekun heyət müəyyənləşdiriləcək.
Rəşad Rəsullu qadınlardan ibarət yığmanın isə hazırda Şamaxıda təlim-məşq toplanışında olduğunu bildirib. Onun sözlərinə görə, komanda daha sonra Qazaxıstan və İspaniyanın Valensiya şəhərində hazırlıq keçəcək, ardınca Böyük Dəbilqə turnirlərində iştirak etdikdən sonra dünya çempionatı üçün heyət formalaşdırılacaq.
Federasiya rəsmisi sentyabr ayında Bakıda dünya çempionatı öncəsi beynəlxalq təlim-məşq toplanışının təşkilinin də planlaşdırıldığını açıqlayıb.
"Gürcüstan və Türkiyə də daxil olmaqla bir sıra ölkələr artıq bu hazırlıq prosesində iştirak etməyə razılıq veriblər. Dünya çempionatı üçün heyətin seçimi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılır".
O, seçim zamanı yalnız yarış nəticələri deyil, idmançıların məşq prosesində peşəkarlığı, nizam-intizamı və hazırlıq səviyyəsi də nəzərə alınır. Bu səbəbdən yekun heyətdə son anda da dəyişikliklərin edilməsi mümkündür.
Türkan İsgəndərli