Ukrayna terminalları vurduqca Rus televiziyasında təqvim 1917 - ci ili göstərir
Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına, yanacaq bazalarına və hərbi-logistika infrastrukturuna endirdiyi zərbələrin "uğar"ı ölkənin daxilində də hiss olunmağa başlayıb.
Yanacaq istehsalında yaranan fasilələr, bəzi bölgələrdə çatışmazlıq və dövlət büdcəsinə artan təzyiq Rusiyanın informasiya məkanında da öz əksini tapır. Dövlət televiziyalarında açıq fikirlər səslənməyə başlayıb.
Kremlin əsas təbliğat platformalarında "1917-ci il təkrarlana bilər", "1991-ci ilin səhvləri yenidən yaşanmamalıdır" kimi ifadələrin daha çox işlədilməsi təsadüfi deyil. Hakimiyyətə yaxın ekspertlər və aparıcılar açıq şəkildə bildirirlər ki, Rusiya bu müharibədə uduzsa, ölkənin gələcəyi təhlükə altına düşəcək.
Bu ritorikanın əsas məqsədi cəmiyyəti qorxutmaqdan daha çox səfərbər etməkdir. Kreml yaxşı anlayır ki, uzun sürən müharibələrdə ən vacib amillərdən biri ordunun döyüş qabiliyyəti ilə yanaşı həm də cəmiyyətin dözümlülüyüdür. İnsanlar iqtisadi çətinlikləri, yanacaq problemini və gündəlik həyatdakı narahatlıqları müharibənin qaçılmaz nəticəsi kimi qəbul etdikcə, hakimiyyət daxildə sabitliyi qorumağa çalışır.
1917 və 1991-ci illərin xatırladılması da məhz buna xidmət edir. Birinci halda Rusiya imperiyası müharibə, iqtisadi böhran və daxili narazılıq fonunda dağıldı. 1991-ci ildə isə bildiyimiz kimi SSRİ uzunmüddətli iqtisadi problemlər və siyasi böhran nəticəsində süqut etdi. Kreml bu tarixi nümunələri göstərərək cəmiyyətə eyni ssenarinin təkrarlanmaması üçün müharibənin qalibiyyətlə başa çatmasının vacibliyini təlqin edir.
Ukrayna son aylarda cəbhədən uzaqda yerləşən strateji obyektləri hədəfə almaqla müharibənin təsirini Rusiyanın daxilinə daşımağa nail olub. Neft emalı zavodları, yanacaq anbarları və logistika mərkəzlərinə zərbələr ordunun təminatını çətinləşdirir, iqtisadiyyata əlavə yük yaradır. Bu da Kremlin informasiya siyasətində qalxan mövqeyinə keçməsini sürətləndirir.
Ancaq hazırkı vəziyyəti birbaşa 1917 və ya 1991-ci illə müqayisə etmək düzgün olmaz. Rusiyada dövlət idarəetməsi, təhlükəsizlik sistemi və informasiya nəzarəti həmin dövrlərdən xeyli fərqlənir. Buna görə də televiziya ekranlarında səslənən xəbərdarlıqları ictimai rəyi formalaşdırmağa hesablanmış addım kimi qiymətləndirmək lazımdır.
Jalə Rövşən