Attraksiyonlar bulvar ərazisinə qaytarılacaq? – AÇIQLAMA
“Hazırda dənizkənarı bulvar ərazisində attraksiyonlar olsa da, sayları kifayət qədər deyil”.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, böyük və uşaqların vaxt keçirməsi üçün isə son dövrlərdə böyük ticarət mərkəzləri (Mall) istifadəyə verilib. Həmin Mall-ların tərkibində yeni texnoloji əyləncələr, uşaq arenaları var ki, orada tam rahat şəkildə həm turistlər, həm də şəhər sakinləri istirahət edə bilərlər.
“Vaxtilə dənizkənarı bulvarda olan iri attraksiyonların yığışdırılması isə bulvarın təmizliyi və gəzinti üçün geniş ərazinin saxlanması məqsədilə nəzərdə tutulub. Ara-sıra burada tədbirlərin keçirilməsi, festivalların olması həm də turistik nöqteyi-nəzərdən çox maraqla qarşılanır. Paytaxtda turistlər üçün kifayət qədər infrastruktur var və əyləncə məkanları elə də az deyil. Lakin düşünürəm ki, dənizkənarı bulvarda əlavə ödənişli lunaparkların salınmasına, sıxlığın yaranmasına ehtiyac yoxdur”.
Buna baxmayaraq, ekspertin fikrincə, Bakı ətrafında belə bir layihə düşünülə bilər. Hətta əvvəllər belə bir plan da qurulub:
“Düşünülürdü ki, məsələn Hövsan ərazisində “Disneyland” kimi geniş lunapark salınsın. Orada istər vətəndaşlarımız, istərsə də gələn turistlər vaxtlarını keçirə bilsin. Şəhərdən kənarda olduğu təqdirdə belə bir layihənin həyata keçirilməsi düşünülə bilər”.
Qeyd edək ki, hazırda dənizkənarı bulvarda kiçik ərazini təşkil edən bir sıra attraksiyonlar fəaliyyət göstərir. Lakin vətəndaşlar həmin qurğuların sayının az olduğunu və xarici təcrübəyə əsaslanaraq geniş ərazidə yeni "Luna Park"ın salınmasını istəyirlər.
Töhfə Səməd
tag: Ceyhun Aşurov,Ekspert,Attraksion,Bakı,Todaypress.tv,
