Dünyanın gözü Bakıda: Yumşaq güc qlobal mediada necə görünür?
Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə müsbət nümunə kimi qiymətləndirilir.
TodayPress TV xəbər verir ki, Bakıda həyata keçirilən şəhərsalma layihələri və urbanizasiya konsepsiyaları beynəlxalq səviyyədə diqqət çəkməyə davam edir.
Bakı Master Planı 2040
Xüsusilə “Bakı Master Planı 2040” layihəsi şəhərin monomərkəzli modeldən çoxmərkəzli, yaşıl və insanmərkəzli şəhərə çevrilməsini nəzərdə tutur.
Plan çərçivəsində 15 dəqiqəlik şəhər konsepsiyası, yaşıl koridorlar, piyada dostu məkanlar, icma mərkəzləri və yeni rayonların yaradılması vasitəsilə iqtisadi artım, davamlı inkişaf və mədəni irsin qorunması arasında balansın təmin olunması hədəflənir. Layihə Almaniyanın “Albert Speer + Partner” şirkəti tərəfindən hazırlanıb və təxminən 55 milyard dollarlıq investisiya nəzərdə tutulur.
WUF13 - 13-cü Ümumdünya Şəhərsalma Forumu
Bakı 17-22 may 2026-cı il tarixlərində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. BMT-nin “UN-Habitat” təşkilatının ən böyük tədbirlərindən hesab olunan forumda 176 ölkədən təxminən 25 min iştirakçının qatılması gözlənilir. Forumun əsas mövzusu “Housing the World: Safe and Resilient Cities and Communities” (Dünya Miqyasında Mənzil Böhran) olacaq.
Azərbaycanın forum üçün ev sahibi seçilməsi ölkənin “smart city” (ağıllı şəhər) təcrübəsi, Qarabağda həyata keçirilən yenidənqurma layihələri, davamlı inkişaf və təhlükəsizlik modeli ilə əlaqələndirilir. Həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması qlobal şəhərsalma gündəliyinə inteqrasiyanın göstəricisi kimi qiymətləndirilir.
Ağ Şəhər (White City) layihəsi
“Ağ Şəhər” (White City) layihəsi də xüsusi əhəmiyyətə malikdir. Keçmiş sənaye zonası olan “Qara Şəhər”in müasir yaşayış və yaşıl məkan konsepsiyası əsasında yenidən qurulması beynəlxalq mediada müsbət urbanizasiya nümunəsi kimi təqdim edilir.
Eyni zamanda, Bakı metrosunun genişləndirilməsi, post-sənaye ərazilərinin bərpası və Qarabağda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsindəki “smart” layihələr də beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir.
Aysel Mətləb