Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB
PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.
TodayPress TV "Sky News"a istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.
Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.
Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.
xxx
UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.
TodayPress TV-nin məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var. Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.
"Le Figaro" qəzetinin məlumatına görə, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.