Paşinyan daşnakları dəfn etdi - Türkiyəyə MÜDHİŞ XƏBƏR
Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı “Qərbi Ermənistan” anlayışı ilə bağlı diqqətçəkən açıqlama verib.
TodayPress TV xəbər verir ki, deputat bildirib ki, “Qərbi Ermənistan yoxdur, Şərqi Türkiyə var. Xəritələri və tarixi mənbələri oxuyaraq bunun Türkiyə Respublikasının ərazisi olduğunu anlamaq lazımdır.”
Bu bəyanat Ermənistanda və erməni diasporu arasında geniş rezonans doğurub. Son dövrlərdə Paşinyan və komandası tərəfindən “Qərbi Ermənistan” terminindən uzaqlaşmaq, həmin əraziləri Türkiyənin ayrılmaz tərkib hissəsi kimi qəbul etmək istiqamətində müəyyən mesajların verildiyi müşahidə olunur. Paşinyan özü də daha əvvəl oxşar fikirlər səsləndirərək “Qərbi Ermənistan” və “Qərbi Azərbaycan” terminlərinin qarşılıqlı şəkildə qıcıq yaradan anlayışlar olduğunu vurğulamışdı.
Hakim partiyanın nümayəndəsi xəritələrə və tarixi mənbələrə istinad edərək qeyd edib ki, sözügedən ərazilər beynəlxalq sənədlərdə və rəsmi xəritələrdə Türkiyə Respublikasının ərazisi kimi tanınır. O, erməni cəmiyyətini mövcud geosiyasi reallıqları qəbul etməyə və keçmiş ərazi iddialarından imtina etməyə çağırıb.
Bu mövqe Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması və regional sülh prosesinə töhfə vermək cəhdi kimi qiymətləndirilir. Lakin müxalif qüvvələr və radikal erməni dairələri bu bəyanatı “tarixi inkar” və “milli maraqlara xəyanət” kimi dəyərləndirərək kəskin tənqid ediblər.
Jalə Rövşən