Azərbaycan kimi 9 şəhəri və 300-dən artıq kəndi quran ikinci bir ölkə yoxdur
“Azərbaycan Respublikası beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkandır və ölkəmizdə bu qəbildən olan silsilə tədbirlər keçirilir. BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a, ardınca isə WUF13-ə Azərbaycanın ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən də, BMT ailəsi tərəfindən də ölkəmizə olan etimadın göstəricisidir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H. Hacıyev qeyd edib ki, dünyada hazırkı şəraitdə bu miqyasda tədbirin keçirilməsi hər ölkə üçün mümkün deyil:
“Onu nəzərə almalıyıq ki, dünyada heç də bütün ölkələrdə hazırkı şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Bu, təhlükəsizlik vəziyyətinə görə, müharibələrə görə, həm də ölkələrin təşkilatçılıq qabiliyyətinə görə, şəhərlərin burada hazırlıq səviyyəsinə görə və digər parametrlər üzrə demək olar ki, heç də bütün şəhərlər və bütün ölkələr bu kimi tədbirlərə hazır deyil”.
Prezidentin köməkçisi Azərbaycanın şəhərsalma ənənələrinə və post-münaqişə dövründəki bərpa təcrübəsinə də toxunub:
“Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycan şəhərlərin urbanizasiya prosesi çərçivəsində modernləşdirilməsi ilə tarixi ənənələri qoruyur. Həmçinin, post-münaqişə şəraitində şəhərlərin və yaşayış məskənlərinin qurulması sahəsində Azərbaycanın unikal xarakter daşıyan təcrübəsi vardır. Azərbaycanın öz milli və maddi resursları əsasında 9-a yaxın şəhəri və 300-dən artıq müxtəlif kənd və qəsəbələri quran, tikən ikinci bir ölkə yoxdur”.
H. Hacıyev vurğulayıb ki, hökumət məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qlobal miqyasda nümunəvi addımlar atıb:
“Ermənistanın işğalı nəticəsində 90-cı illərin əvvəllərində məcburi köçkünlər və qaçqınlarımız çətin şəraitdə yaşayırdılarsa, qısa müddət ərzində Azərbaycan tərəfindən bu tendensiya dəyişildi. Məcburi köçkünlər üçün evlər, mənzillər tikilirdi və təhvil verilirdi”.
Qiymət Mahir