Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
18.11.2025 20:10 Hadisə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 18-də davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Daha sonra qeyd olunub ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimova etiraz etmişdi. Qeyd edilib ki, İslam Ağakərimov bugünkü iclasa dəvət olunub və prosesdə iştirak edir.

Təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili Emil Babışov da etirazın təmin olunmasını məhkəmədən xahiş ediblər.

İslam Ağakərimov məhkəmənin hazırlıq iclasının qərarının onun tərəfindən tərcümə edildiyini və həmin tərcümədə yalnız bir mexaniki səhvin olduğunu, həmin səhvin qərarın mahiyyətinə təsir etmədiyini və hər hansı dəyişiklik yaranmadığını, eləcə də məzmununa heç bir xələl gətirmədiyini qeyd edib.


Sədrlik edən Zeynal Ağayevin sualına cavabında İslam Ağakərimov bunun təsadüfən və mexaniki baş verdiyini, tərcümədə olan həmin bir səhvi bilə-bilə etmədiyini deyib.

Etiraza münasibət bildirən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov bildirib ki, müdafiə tərəfi bu vəsatəti məhkəmədə bir neçə dəfə səsləndirib. Tərcüməçi üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün onun qeyd edilənlərlə bağlı mövqeyini öyrənmək mümkün olmamışdı. Bugünkü iclasda isə tərcüməçi həmin səhvin mexaniki baş verdiyini və texniki məsələ olduğunu, habelə bu səhvi bilə-bilə etmədiyini bildirib.

Dövlət ittihamının müdafiə edən prokuror N.Bayramov diqqətə çatdırıb ki, tərcüməçiyə etiraz Cinayət-Prosessual qanunvericilikdə nəzərdə tutulan hallardan biri olduqda əsaslı sayıla və təmin edilə bilər. Tərcüməçiyə etirazın əsasları sırasında isə yol verilən mexaniki və ya texniki səhv göstərilmir. Odur ki, məhkəmədən müdafiə tərəfinin tərcüməçiyə etirazının təmin olunmamasını xahiş edib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərar qəbul etmək üçün müşavirə otağına gedib.

Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən etiraz təmin olunmayıb.

Vurğulanıb ki, cinayət prosesində tərcüməçiyə etirazın əsasları cinayət prosessual qanunvericilikdə konkret müəyyən olunub və verilmiş etiraza baxan zaman İslam Ağakərimova münasibətdə həmin əsaslar müəyyən edilməyib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Cəmil Əliyev bildirib ki, Ağdərə rayonunun Çərəkdar kəndində olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin partlaması nəticəsində özü, eləcə də Bəhram Allahyarov və Murad Verdiyev müxtəlif xəsarətlər alıblar. Həmin vaxt yanlarında olan Şikar Hüseynov isə həlak olub.

Zərərçəkmiş İntiqam Rüstəmli qeyd edib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində özü və daha bir nəfər xəsarət alıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Etibar Əliyev bildirib ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərlə birgə hərəkət edərkən idarə etdiyi avtomobilin düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində partlayış baş verib və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, özü və daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş Allahverdi Məmmədli qeyd edib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı qumbaranın yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Nahid Əsədov bildirib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanıb.

Zərərçəkmiş Elşən Rüstəmov qeyd edib ki, Cəbrayıl rayonu ərazisində düşmənin basdırdığı minaları təmizləyərkən partlayış baş verib və nəticədə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş Şahmar Cəlilov bildirib ki, Ağdərə rayonu istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı raket atəşi nəticəsində içərisində olduqları avtomobil vurulub, özü xəsarət alıb, bir nəfər isə həlak olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ümüd Şükürov qeyd edib ki, Kəlbəcərdə düşmənin təxribatı nəticəsində bir neçə nəfər həlak olub, özü və başqa bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş Novruz Əliyev bildirib ki, Kəlbəcər rayonunun Yellicə kəndində düşmənin dronlardan istifadə etməklə törətdiyi təxribat nəticəsində yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Eynulla Nəsirli qeyd edib ki, Xocalı rayonu istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət alıb.

Digər zərərçəkmiş Yusif Yusifov isə bildirib ki, Ağdam rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşləri nəticəsində İxtiyar Bayramov həlak olub, özü isə xəsarət alıb.

Ardınca məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Bütün Xəbərlər